Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın pərakəndə satış nəhəngi "Walmart" restoran yeməklərinin çatdırılması biznesini genişləndirir.
Şirkət "Papa John's" ilə yeni tərəfdaşlıq çərçivəsində müştərilərə pizza və digər restoran sifarişlərini öz platforması vasitəsilə çatdıracaq.
Banco.az xəbər verir ki, "Walmart" "Papa John's" sifarişlərinin şirkətin mobil tətbiqi və internet saytı üzərindən verilə biləcəyini açıqlayıb.
Yeni xidmət çərçivəsində sifarişlərin 30 dəqiqə və ya daha az müddətdə müştərilərə çatdırılması nəzərdə tutulur. Müştərilər restoran yeməklərini ayrıca sifariş edə və ya onları Walmart-dan aldıqları digər məhsullarla birlikdə eyni sifarişə əlavə edə biləcəklər.
Tərəfdaşlığın yaxın həftələrdə ABŞ-ın seçilmiş bazarlarında başlaması, daha sonra isə ölkə üzrə minlərlə "Papa John's" restoranına genişləndirilməsi planlaşdırılır.
"Papa John's" ilə imzalanan müqavilə Walmart-ın son aylarda restoran çatdırılması sahəsində həyata keçirdiyi üçüncü böyük tərəfdaşlıqdır.
Restoran yeməklərinin çatdırılması Walmart-ın ekspress çatdırılma xidməti çərçivəsində təklif olunacaq.
Şirkət bir saat və ya daha qısa müddətdə çatdırılan sifarişlər üçün müəyyən sabit ödəniş tətbiq edir.
Son illərdə "Walmart" geniş mağaza şəbəkəsindən istifadə edərək məhsulların daha sürətli çatdırılmasına böyük sərmayə yatırır.
Şirkətin ABŞ-da 4 600-dən çox mağazası fəaliyyət göstərir və bu mağazaların ölkə əhalisinin təxminən 90%-nin yaşadığı ərazilərdən 10 mil məsafədə yerləşdiyi bildirilir.
"Walmart" artıq restoran yeməkləri ilə yanaşı, ərzaq məhsulları, gündəlik tələbat malları, reseptli dərmanlar və xüsusi temperatur şəraitində saxlanılan dərmanların çatdırılmasını da həyata keçirir.
Yeni tərəfdaşlığın Walmart-ın qida çatdırılması bazarında "Uber Eats" və "DoorDash" kimi böyük platformalarla rəqabətini daha da gücləndirəcəyi gözlənilir.
