AMB enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi | Banco.az

AMB enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel enerji qiymətlərində son dövrdə müşahidə olunan artımın ciddi narahatlıq yaratdığını bildirib.

Banco.az xəbər verir ki, Şnabel Berlində Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin təşkil etdiyi Avropa Rəqabətlilik Simpoziumunda çıxışı zamanı Avropada enerji bazarındakı vəziyyəti və bunun inflyasiyaya mümkün təsirlərini qiymətləndirib.

AMB rəsmisi bildirib ki, enerji qiymətlərindəki bahalaşma yalnız neftlə məhdudlaşmır. Dizel və təbii qazın qiymətlərində də ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, bu məhsulların qiymətləri artıq kifayət qədər yüksək səviyyəyə çatıb.

“Gələcək qərarlarımızı daxil olan yeni məlumatlara əsaslandıracağıq”, – deyə Şnabel qeyd edib.

Enerji qiymətlərinin artması Avropada inflyasiya ilə bağlı riskləri də artırıb. Yaxın Şərqdəki gərginlik fonunda neftin qiymətinin yenidən 100 dolları keçməsi enerji xərclərinin yüksəlməsinə səbəb olub.

Avrozonada illik inflyasiya avqust ayında 3,3 faizə yüksəlib. Bu, son üç ilin ən yüksək göstəricisidir. Eyni zamanda, Avropada təbii qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Qaz qiymətlərinin artmasının səbəblərindən biri Avropa ölkələrinin qaz anbarlarını doldurmaq prosesini əvvəlki aylarda gecikdirməsi olub. Hazırda anbarlardakı ehtiyatların əvvəlki illərin orta göstəricisindən aşağı olması ölkələri daha sürətli şəkildə qaz tədarük etməyə vadar edir. Bu isə qiymətlərə əlavə təzyiq göstərir.

Enerji qiymətlərinin yüksək səviyyədə qalması AMB-nin pul siyasəti ilə bağlı növbəti qərarlarını da çətinləşdirə bilər. Şnabel bildirib ki, bank gələcək faiz qərarlarını yeni iqtisadi göstəricilər əsasında müəyyənləşdirəcək.

Beləliklə, enerji bazarında qiymət artımının davam etməsi Avrozonada inflyasiyanın yenidən sürətlənməsi riskini artırır və AMB-nin faiz siyasətinə dair gözləntiləri daha da gücləndirir.