Bill Qeyts: Heç bir hökumət süni intellektin yaratdığı dəyişikliklərə hazır deyil | Banco.az

Bill Qeyts: Heç bir hökumət süni intellektin yaratdığı dəyişikliklərə hazır deyil

Müəllif:Mehin Qasımova,Banco.az

Microsoft-un həmtəsisçisi Bill Qeyts dünyada heç bir hökumətin süni intellektin cəmiyyətə gətirəcəyi dərin dəyişikliklərə tam hazır olmadığını bildirib.

Qeyts Reuters agentliyinə verdiyi eksklüziv müsahibəsində süni intellektin yaratdığı risklərlə bağlı narahatlığını ifadə edib. O, əvvəllər bu texnologiyanın imkanlarına daha nikbin yanaşsa da, hazırda süni intellektin iş yerlərinə təsiri, kiberhücumların artması və insanların süni intellekt əsaslı virtual yoldaşlardan asılı vəziyyətə düşməsi kimi məsələlərin ciddi diqqət tələb etdiyini vurğulayıb.

“Düşünmürəm ki, heç bir hökumət lazım olduğu qədər hərtərəfli hazırlıqlı olsun. Hökumətlər bu məsələdə çox geridə qalıblar”, – Qeyts deyib.

Bill Qeyts bildirib ki, süni intellektlə bağlı narahatlıqlarını dünya liderləri ilə müzakirə edir. Onun sözlərinə görə, bu mövzuda ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə görüşlər keçirib. Qeyts həmçinin bu ilin sonunda Çin Prezidenti Si Cinpinlə görüşməyi hədəflədiyini açıqlayıb.

Qeyts süni intellektin yaratdığı vəziyyəti fəlakət filmlərindəki ssenarilərlə müqayisə edib. O bildirib ki, filmlərdə yadplanetlilər Yerə gəldikdə ABŞ, Çin və digər ölkələr ümumi təhlükəyə qarşı bir araya gəlirlər. Onun fikrincə, süni intellekt də bir növ “yadplanetli zəkasına” bənzəyir və artıq həyatımıza daxil olub. Buna görə də ölkələrin bu texnologiyanın yaratdığı problemlərin həlli üçün birlikdə hərəkət etməsi vacibdir.

Bununla belə, Microsoft-un həmtəsisçisi süni intellektin yalnız təhlükələr yaratmadığını, düzgün idarə edildiyi və ona çıxış imkanlarının bərabər təmin olunduğu halda cəmiyyətin ən yoxsul təbəqələri üçün böyük fayda verə biləcəyini bildirib.

Bill və Melinda Qeyts Fondu da süni intellektin imkanlarından daha geniş istifadəni təmin etmək üçün növbəti iki il ərzində ən azı 1 milyard dollar vəsait ayırmağı planlaşdırır. Fondun illik təxminən 9 milyard dollarlıq büdcəsinin bir hissəsi hesabına həyata keçiriləcək maliyyələşdirmə təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində çalışan tərəfdaşlara yönəldiləcək.

Bundan başqa, fond əsas süni intellekt modellərinin müxtəlif dillərdə, o cümlədən daha az istifadə olunan dillərdə işləməsinə imkan verəcək məlumat infrastrukturlarının yaradılmasını dəstəkləyəcək.

Qeyts xüsusilə səhiyyə sahəsində süni intellektin imkanlarını yüksək qiymətləndirib. O bildirib ki, texnologiyanın ön cəbhədə çalışan səhiyyə işçilərinə dəstək verməsindən tutmuş yeni dərman və peyvəndlərin hazırlanmasına qədər geniş imkanları var və bu potensialı tam qiymətləndirmək çətindir.

Qeytsin fikrincə, əsas məsələ süni intellektin qarşısını almaq deyil, onun yaratdığı risklərə hazır olmaq və texnologiyanın imkanlarından bütün cəmiyyətin faydalanmasını təmin etməkdir.