Yaponiyada 100 yaşdan yuxarı əhali ilk dəfə 100 mini keçib | Banco.az

Yaponiyada 100 yaşdan yuxarı əhali ilk dəfə 100 mini keçib

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiya hökuməti hər il sentyabrın 15-də ölkədə qeyd olunan "Yaşlılara Hörmət Günü" münasibətilə artan yaşlı əhali ilə bağlı statistikanı açıqlayıb.

Banco.az xəbər verir ki, Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, son 56 ildir ki, 100 yaşdan yuxarı əhalinin sayı artmaqdadır.

Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı insanların sayı 107.677 olaraq qeydə alınıb. Beləliklə, ölkədə bir əsrdən çox yaşamış insanların sayı ölkə tarixində ilk dəfə olaraq 100 mini keçib.

Keçən ilin məlumatları ilə müqayisədə bu rəqəm 7914 nəfər artıb. Qeyd olunub ki, 100 yaşdan yuxarı olanların 94298-i qadın, 13379-u isə kişidir.

Qeydə alınan ən yaşlı qadın 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişi isə 112 yaşlı Kato Hikaru olub.

Yaponiyada yüz ildən çox yaşı olanlarla bağlı əhali məlumatları ilk dəfə 1963-cü ildə qeydə alınıb.

100 yaşdan yuxarı insanların sayı ilk dəfə 1981-ci ildə 1000-i, 1998-ci ildə 10.000-i, 2012-ci ildə isə 50.000-i keçib.

Məlumatlara görə, Yaponiyada qadınlar üçün orta ömür uzunluğu 87,3 il, kişilər üçün isə 81,3 ildir.