Dollara qarşı “ittifaq”: De-dollarizasiya ABŞ-nin təzyiqlərini azaldacaqmı? | Banco.az

Dollara qarşı “ittifaq”: De-dollarizasiya ABŞ-nin təzyiqlərini azaldacaqmı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bildiyimiz kimi, İran BRİKS çərçivəsində ticarət, iqtisadi və maliyyə əməliyyatlarını “de-dollarizasiya” etməyə çalışacaq.

2024-cü il yanvarın 1-dən BRICS-ə BƏƏ, İran, Səudiyyə Ərəbistanı qoşulması ilə asossasiya dövlətləri dolların ticarətdəki payını daha da azaltmağı hədəfləyirlər.

Məsələ ondadır ki, dollardan imtina inkişaf etməkdə olan ölkələrə ABŞ Federal Ehtiyat Sisteminin siyasətindən asılılığını azaltmağa və maliyyə sistemlərini gücləndirməyə imkan verəcək. 

Mövzu barədə 21-ci Əsr Türkiyə İnstitutu İqtisadiyyat və Siyasi Mərkəzin Mütəxəssisi Ersin Dedekoca Banco.az-a açıqlama verib.

O bildirdi ki, beynəlxalq ehtiyatlarda dominant valyuta olan ABŞ dollarının  beynəlxalq ticarət və siyasətdə əhəmiyyətli imtiyaz və səlahiyyətləri olduğu danılmaz faktdır:

“İran və Rusiya arasında ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə “milli valyutalarla ticarət” mövzusunda əldə olunan razılaşma yekun nəticəyə çatıb. İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb. “China Daily”nin xəbərinə görə, İran Moskvadan idxalı artırmaq üçün Rusiya ilə müqavilə imzalayıb.

Məlum olduğu kimi, hər iki ölkə Qərb dövlətləri, xüsusilə də ABŞ tərəfindən hərtərəfli ticarət embarqolarına məruz qalmışdır. Yeni ticarət reqlamenti onlara dollardan istifadədən yayınmağa imkan verir və bununla da bəzi beynəlxalq sanksiyaların təsirini azaldır”.

Ersin Dedekoca xatırlatdı ki, qarşıdakı illərdə əməkdaşlıq çərçivəsində digər ölkələrin valyutaları da mühüm ticarət tərəfdaşı kimi istifadə edilə bilər:

“Forbes-in məlumatına görə, İran rəsmiləri yeni ikitərəfli həll sisteminin türk lirəsi, Hindistan rupisi və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi də daxil olmaqla digər mühüm ticarət tərəfdaşlarının valyutalarını da əhatə edəcək şəkildə genişlənəcəyinə ümid etdiklərini bildiriblər. Razılaşmadan sonra açıqlama verən Rusiya xarici işlər naziri Lavrov ABŞ dollarının təsir alətinə çevrildiyini vurğuladı. Lavrovun açıqlamasından da bəlli olduğu kimi artıq bir çox dünya dövləti ABŞ-nin digər ölkələrinin qanuni rəqabət qaydalarını pozmasından bezib.Onlar ABŞ-nin bölgələrin daxili işinə qarışan və rejimi dəyişmək istəyən cəhdlərindən bu formada çıxış yolu axtarırlar”-deyə Ərsin Dədəqoca qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram