Müəllif: Tamara Mustafayeva, Banco.az
“Spotify” süni intellektlə yaradılan sənətçiləri etiketləyəcək.
Banco.az xəbər verir ki, rəqəmsal musiqi platforması “Spotify” şəffaflığı artırmaq və dinləyicilərin etimadını təmin etmək məqsədilə süni intellekt tərəfindən yaradılan sənətçi profillərinə “Süni intellekt personajı (AI Persona)” nişanı əlavə etməyə başlayacağını açıqlayıb.
“Spotify” tərəfindən yayılan açıqlamada platformanın musiqi dinləmək üçün “ən şəffaf və etibarlı” məkan olmasını təmin etmək istiqamətində yeni addım atıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, dinləyicilər insana bənzəyən sənətçi profili ilə qarşılaşdıqdan sonra həmin personajın süni intellekt tərəfindən yaradıldığını öyrənməkdən narazı qalırlar. Bu səbəbdən sentyabrın ortalarından etibarən bəzi sənətçi profillərində “AI Persona” nişanı görünməyə başlayacaq.
Bildirilib ki, bu nişan dinləyicilərə sənətçinin kimliyinin süni intellekt tərəfindən yaradılmış ola biləcəyini və real insanı təmsil etmədiyini göstərəcək. Özünü “AI Persona” kimi təqdim edən sənətçi profilləri ilə yanaşı, “Spotify” tərəfindən müəyyən edilən müvafiq profillərə də bu nişanın əlavə olunacağı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
