Azərbaycanın gələcəyi qeyri-neft sektorundadır | Banco.az

Azərbaycanın gələcəyi qeyri-neft sektorundadır

Azərbaycanın iqtisadi imkanları Rusiyaya yönəlik siyasət yürütməyə uyğundur.

İqtisadçı alim, Samir Əliyevin Strateq.az-a verdiyi müsahibəni təqdim edirik.

- Sizin də qeyd etdiyiniz kimi, istehlak mallarının qiymətinin artmasında gömrüklə yanaşı, vergi sisteminin də ciddi “xidmət”ləri var. Əksər hallarda sahibkarlardan toplanan qanunsuz vəsaitlər onların əl-qolunu bağlayır. Büdcə layihəsindən isə belə çıxır ki, gələn il vergilər daha da artırıla bilər. Hər halda lahiyədə ən azı neft sektoru qədər vergilərdən transfertlər nəzərdə tutulması bundan xəbər verir...

- Razılaşıram sizinlə. Bayaq da qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün sahibkarların vergi yükü azaldılmalıdır. Beynəlxalq təcrübələr sübut edir ki, vergi dərəcələri nə qədər azaldılsa, yığılan vergilər də o qədər artar. Çünki yeni iş yerləri yaranar və sahibkarlıq subyektləri arasında gedən azad rəqabət nəticəsində iqtisadiyyat da inkişaf edər. Bu da öz müsbət təsirlərini vergi yığımlarında da göstərər. Azərbaycanda ən böyük problemlərdən biri də iri holdinqlərin vergi bazasının şəffaf olmamasıdır. Bu subyektlərin qazancları ilə ödədikləri vergi arasında böyük uçurumlar var. Ölkə iqtisadiyyatında idxalat mühüm yer tutur. Təkcə idxalatın rəsmiləşdirilməsi vergi yığımını xeyli artıra və inhisarların rəqabətdə təsir gücünü azalda bilər. Nəticədə qiymətlərin, indiki kimi, inzibati yolla sabit saxlanmasına ehtiyac qalmaz. Ümumiyyətlə, inzibati yol iqtisadi yol deyil. Bununla, nəinki büdcə doldurmaq olmaz, əksinə ölkənin inkişafına sərf olunacaq kapitalın xaricə axmasına şərait yaradılar.

- Bayaq qeyd etdiniz ki, büdcə proqnozlarını yerinə yetirmək üçün hökumət gələn il inflayisiyaya gedə bilər. Bu ehtimal, nə dərəcədə realdır?

- Bu gün dünyada, bilirsiniz ki, bir çox ölkə öz valyutalarını qəsdən ucuzlaşdırır. Məqsəd ixracatlarını stimullaşdırmaqdır. Qazaxıstan da belə edir, Rusiya da, hətta Çin də. Nə qədər daxili gərginlik yaşasa belə, Türkiyə də bu addımı atır. ABŞ da bu siyasətdə maraqlıdır. Bu dövlətlər ona görə inflyasiyaya gedirlər ki, öz mallarının qiymətini ucuzlaşdırmaq və bununla da ixracatı artırmaq istəyirlər. İnflyasiyaya getməsələr, devalvasiya qaçınılmaz olar. Azərbaycanda bu ilin əvvəlində 34% devalvasiya yaşandı. Nə qazandıq? Heç nə. Hökumət bircə onu qazandı ki, büdcənin gözlənilən icrası 2.5 milyard azaldı. Bu siyasətə getməsəydi, 4 milyard dollardan çox azalma yaranacaqdı...

-Samir bəy, axı, adını çəkdiyiniz dövlətlər ona görə inflyasiyaya gedir ki, ixrac edəcək nələrisə var. Bizim isə ixraclıq bir neftimiz mövcuddur. O isə Azərbaycanın milli valyutasıyla satılmır. İnflyasiya hansı malımızın ucuz satılmasına şərait yarada bilər?

- Bilirsinizmi, istəsək də, istəməsək də, Azərbaycanın gələcəyi qeyri-neft sektorundadır. Bunun alternativi yoxdur. Neftin bahalaşması isə ən azı yaxın dövrlərdə gözlənilmir. Çünki bunun fundamental iqtisadi səbəbləri siyasi səbəblərindən daha çoxdir. Yəni, neft təkcə ona görə ucuzlaşmır ki, böyük güclər Rusiyanı çökdürmək istəyirlər. Həm də ona görə ucuzlaşır ki, qlobal neft bazarının tələbləri belədir...

- Təbii. Ucuzlaşmanın iqtisadi əsasları var...

Ən sərfəli kredit üçün müraciət et

- Bəli, iqtisadi əsas ondan ibarətdir ki, əvvəla, neft istehsalı artır, bazarda təklif tələbatı üstələyir. Digər tərəfdən isə alternativ enerji mənbələri ortaya çıxır. Belə vəziyyətdə Azərbaycan ancaq neftinə arxayın olub öz iqtisadi siyasətini formalaşdıra bilməz. Məncə, neftə hesablanmış iqtisadi siyasətdən imtina olunmalıdır. Qeyri-neft sektorunun inkişafı 2 istiqamətdə aparıla bilər: 

1. İxracyönümlü siyasət yürütməklə,

2.İdxalı əvəzləşdirməklə, yəni daxili bazara yönəlik siyasət yürütməklə.

Azərbaycanın iqtisadi imkanları Rusiyaya yönəlik siyasət yürütməyə uyğundur. Ən azı, kənd təsərrüfatı məhsullarımızı Rusiya bazarına çıxara bilərik. Digər tərəfdən ölkəmizin kiçik olması bizim idxala yönəlik siyasət aparmaq imkanlarımızı azaldır. İstənilən sahədə orta böyüklükdə bir zavod tikilsə, Azərbaycanın bütün tələbatını ödəyər. Bu imkanlar qarşısında bizim ixracyönümlü siyasət yürütməkdən başqa yolumuz yoxdur. İxracatda rəqabətə dayanmaq üçün isə iki yol var: biri keyfiyyətdir, digəri qiymətdə ucuzluq. Biz isə həm keyfiyyətdə, həm də qiymətdə bu rəqabəti uduzuruq. Xüsusilə qiymətdə uduzmağımızın səbəbi milli valyutamızın güclü saxlanması siyasətilə bağlıdır. Bizdə belə bir təəssürat var ki, manat nə qədər güclü olsa iqtisadiyyat da o qədər güclü olar. Bu, çox qüsurlu yanaşmadır. Və biz indi bunun zərərlərini görürük. Hər şey bizdə baha olduğundan, dediyiniz kimi, xaricə neftdən başqa heç nə sata bilmirik. Mən düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün fevral ayından sonra yumşaq devalvasiya getməli idi. Hökumət manatı hər ay 2-3% ucuzlaşdırmalı idi.

- Bu, Azərbaycana nə verəcəkdi?

- Tədrici devalvasiya getsəydi, bazar da özünü buna uyğun tənzimləyərdi. Əhali iqtisadi zəifləməyə tədricən öyrəşəcəkdi və şirkətlər birdən-birə 34 faiz kasıblaşmayacaq, qiymət siyasətilə öz itkilərini kompensasiya edəcək və maaşları yüksəldəcəkdi. Nəticədə əhali də ciddi problemlə qarşılaşmayacaqdı. Üstəlik, bayaq dediyim kimi, ixracatımız da artacaqdı. Hökumət də bu qədər çətin vəziyyətə düşməyəcəkdi. Bilirik ki, Mərkəzi Bank pul kütləsini azaldıb. Pul kütləsində 4 milyarddan çox azalma baş verib. Ona görə pul kütləsi azalıb ki, dolların qiyməti artıb, manat isə ucuzlaşıb. İndi Milli Bank əlindəki pul kütləsini də bazara buraxa bilmir. Qorxur ki, inflyasiya baş verə. Tədavülə pul buraxmadığına görə iqtisadiyyatı sıxa bilib. Bu vəziyyətin uzun zaman davam etdirilməsi iqtisadiyyatı tamamilə çökdürə, daha çox iş yerlərinin bağlanmasına səbəb ola bilər. Amma sabah qeyri-neft sektorunun inkişafı üçün banklara pul buraxanda inflyasiya da başlayacaq. Hökumətin bu siyasəti iqtisadiyyatı dalana dirəyib. İndi dala da addım ata bilmir, qabağa da. Bunu şahmatdakı pat vəziyyətinə bənzətmək olar. Hökumət bu siyasətini dəyişməsə, qeyri-neft sektorunu inkişaf etdirməsi də çox çətin olacaq.

-Belə bir ehtimal da var ki, Avropa Azərbaycanın neft məhsullarının almaqdan imtina edə bilər. Bu vəziyyətdə bizi nə gözləyir?

-Mən bu ehtimalı yaxına buraxmaq istəmirəm. Ümid edək ki, vəziyyət o dərəcədə mürəkkəbləşməyəcək. Neftin indiki qiymətində biz bu qədər çətin vəziyyətə düşmüşük. Neftmizi heç sata bilməsək, bu, artıq fəlakət olar. Bu ehtimal reallaşsa, Azərbaycanın iqtisadi durumu SSRİ dağılandan sonrakı vəziyyətdən də ağır ola, ölkədə sosial partlayış baş verə bilər. Bu isə heç bir halda arzu oluna bilməz.

 

Büdcə layihəsi devalvasiya ehtimalını azaldacaqmı?