Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən gömrük qarantiyalarının, sığorta şirkətləri tərəfindən isə sığorta təminatlarının elektron formada təqdim edilməsi üçün layihə hazırlayır.
Bunu AMB-nin Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, biznes proseslərinin sürətləndirilməsi üçün dövlət qurumlarının inteqrasiyası və vahid ekosistem kimi fəaliyyət göstərməsi vacibdir:
"Bu istiqamətdə Mərkəzi Bank müxtəlif dövlət qurumları, o cümlədən Gömrük Komitəsi ilə mütəmadi görüşlər keçirir. Hazırda Gömrük Komitəsi ilə birgə həyata keçirdiyimiz layihə bankların gömrük qarantiyalarını və sığorta şirkətlərinin sığorta təminatlarını elektron formada təqdim etməsini nəzərdə tutur".
M. Kərimov bildirib ki, bankların Vahid Avtomatlaşdırılmış İdarəetmə (VAI) sisteminə inteqrasiyası davam edir:
"Artıq altı bank tam inteqrasiya edib. Qeyd edim ki, bu banklar ölkədəki biznes subyektlərinin 80 %-nə xidmət göstərir. Daha üç bank test mərhələsindədir və yaxın zamanda proses yekunlaşacaq. Digər banklarla bağlı da inteqrasiyanın sürətləndirilməsi üçün Mərkəzi Bank mütəmadi olaraq görüşlər keçirir".
Onun sözlərinə görə, paralel olaraq bir sığorta şirkəti ilə test mərhələsi icra olunur:
"Test prosesinin tamamlanmasından sonra digər sığorta şirkətlərinin də sistemə sürətli qoşulması təmin ediləcək".
