"Hesab edirəm ki, 2015-ci il büdcəsiylə müqayisədə bu büdcə layihəsi daha rasionaldır"
İqtisadçı alim, Samir Əliyevin Strateq.az-a verdiyi müsahibəni təqdim edirik.
- Samir bəy, istərdim söhbətə 2016-ci il büdcəsiylə başlayaq. Layihə ilə bağlı bir sıra iqtisadçılar fikirlərini bildiriblər. Layihəni bəyənənlər də olub bəyənməyənlər də. Siz nə fikirləşirsiniz? Büdcə layihəsi realdırmı?
- Hesab edirəm ki, 2015-ci il büdcəsiylə müqayisədə bu büdcə layihəsi daha rasionaldır. Ötənilki büdcə daha çox şişirdilmişdi, reallıqdan uzaq idi. Əvvəla, ona görə ki, 2015 büdcəsində neftin qiyməti 90 dollardan nəzərdə tutulmuşdu. Halbuki, bunun çox nikbin proqnoz olduğu müxtəlif mütəxəssislər tərəfindən dilə gətirilmişdi. Məsələn, biz o vaxt deyirdik ki, neftin qiymətini 70 dollardan hesablamaq lazımdır. Açığı, onda gözləmirdik ki, neftin qiyməti birdən-birə 50 dollardan aşağı düşə.
2015 büdcəsinin real olmadığını göstərən başqa bir məsələ onun ötən ilə nisbətən artırılması idi. Baxmayaraq ki, 2014-cü il büdcəsində neftin qiyməti 100, 2015-ci ildə isə 90 dollardan götürülmüşdü, hökumət bu azalmaya baxmayaraq, büdcəyə daha artıq vəsaitin daxil olacağını gözləyirdi. Büdcənin bu qədər şişirdilərək elan olunması sonda ümidləri boşa çıxartdı. Maliyyə Nazirliyinin son açıqlamaları da ümidlərin doğrulmadığını göstərir. Açıqlamaya görə, gözlənilən gəlirlər 19 milyarddan 17 milyarda düşüb. Yəni, 2 milyard dollar yanılma qeydə alınıb. İlin sonuna qədər bu azalma daha da arta bilər. 2016-ci ilin büdcəsi daha real təsir bağışlayır. Neftin qiyməti 50 dollardan götürülüb ki, bunu mən normal qəbul edirəm. Prinsipcə, qiyməti 40 dollardan da hesablamaq olardı. Amma bizim büdcə bu təxminlərə hazır deyil. Bütün bunlara baxmayaraq, neft amilinin yenə büdcədə əsas gəlir mənbəyi kimi götürülməsinə təəssüflənirəm. Büdcənin bu cür real qəbul edilməsinin müsbət nəticələri də olacaq. Ən azı devalvasiya ehtimalı azalacaq.
- Büdcənin bu qədər aşağı götürülməsi devalvasiya ehtimalını azaltsa da, səhv etmirəmsə, hökuməti ciddi kadr ixtisarlarına getməyə məcbur edəcək. Çünki büdcədən qidalanan təşkilatlara gələn il daha az vəsait ayırılacaq. Elə deyilmi?
- Bəli, elə olacaq. Amma başqa çarə də yoxdur. Xatırlayırsınızsa, 2008-ci ildə də neftin qiymətlərində ciddi şəkildə ucuzlaşma baş vermişdi və bu proses 2009-cu ili də əhatə etmişdi. Həmin dövrdə neft 40 dollardan da aşağı düşmüşdü. Amma sonradan yenidən bahalaşdı. Həmin dövrdə qısa müddətli ucuzlaşma Azərbaycan büdcəsinə də təsir göstərdi. Büdcədə nəzərdə tutulan proqnoz 19% yerinə yetirilə bilmədi. Yəni icra 81%-də qaldı. Hökumət o vaxt bu problemdən çıxmaq üçün investisiya xərclərini azaltdı. Bizim büdcədə, adətən, investisya xərcləri böyük paya malik olur və bu da hökumətə manevr imkanı verir. Düşünürəm ki, 2016-ci ildə də investisiya xərclərini azaltmaq yoluna gediləcək. Bu isə işsizliyin artması deməkdir. Məsələn, tikintilər dayanacaq, yolların, məktəblərin inşasına və ya yenidən qurulmasına yönəldilən investisiyalar məhdudlaşdırılacaq. Nəticədə o sektorda işləyən insanlar işlərini itirəcəklər. Hansı ki, biz artıq bu barədə məlumatlar alırıq. “Akkord” və digər şirkətlərdə işlərin dayandığı bildirilir.
İkinci gözləntim dövlət qurumlarında müəyyən ixtisarların gedəcəyi ilə bağlıdır. Məmurların maaşları da azaldıla bilər. Digər illərdən fərqli olaraq, növbəti ildə pensiya və təqaüdlərin artırılacağını gözləmirəm.
Gözləntilərimdən biri vergi sistemində qanunların sərtləşdirilməsi ilə əlaqədardır. Bəzi vergilərdə, o cümlədən sadələşdirilmiş vergilərdə güzəştlər ləğv oluna və faiz dərəcələri artırıla bilər. Bu gün Bakıda sadələşdirilmiş vergilər 4%, rayonlarda isə 2%-dir. Ola bilsin, iri şəhərlərdə faizlər 4%-ə qaldırılsın. Əlavə gəlir vergisinin 18%-dən 20%-ə qaldırılması mümkündür. Torpaq və əmlak vergilərinin sərtləşdirilməsi ehtimal edilir. Əsas gözləntim isə institusional islahatlardır. Prezident öz çıxışında da bundan bəhs etmişdi...
- Nə deməkdir institusional islahat?
- İnstitusional islahat bazar münasibətlərinin qurulması üçün zəruri institutların yaradılması, mövcud institutları daha çevik vəziyyətə gətirməkdir. Bəzi dövlət strukturlarının birləşdirilməsi də bu islahatların tərkib hissəsidir. Hətta mümkündür ki, bəzi nazirliklər və ya komitələr ləğv olunaraq digərinə birləşdirilsin. Bu islahatların əsasən hansı sahələrdə aparılacağını, hökumətin nə düşündüyünü deyə bilmərəm. Düşünürəm ki, ilkin olaraq islahata gömrük sistemindən başlamaq olar.
- Büdcə layihəsində ötən illə müqayisədə qeyri-neft sektorundan daha artıq maliyyə transferti nəzərdə tutulur. Yəni 12%-lik artımdan söhbət gedir. Digər tərəfdən isə iqtidar mənsubları bildirirlər ki, böyük investisiya layihələrini dayandırıb sosialyönümlü siyasətlərə yönələcəyik. İnvestisiyasız qeyri-neft sektorunu inkişaf etdirmək nə qədər realdır?
- Haqlsınız. Əslində qeyri-neft sektorunun inkişafı 2008-2009-cu ildəki məlum böhrandan sonra başlanmalı idi. Hökumət bu böhranı bir siqnal kimi qəbul etməliydi. Düzdür, o vaxt hökumət belə bir siyasətə gedəcəyini elan etdi. Amma bu bəyanat deklorativ xarakter daşıyırdı. Neftin qiyməti yenidən qalxandan sonra bəyanat tamamilə yaddan çıxdı. Əvvəldən bu addımı atsaydılar, indi müəyyən nəticələr əldə edilmişdi və zərbə bu qədər ağır olmayacaqdı. Necə ki, Rusiya gələn təhlükəni zamanında hiss etdi və gərəkli addımlar atdı. Bizimkilər isə qiymətlərin qalxmasından ümidləndiklərindən qəflətə düşdülər. Bununla belə, neftin ucuzlaşması fonunda hökumətin qeyri-neft sektorunu inkişaf etdirməkdən başqa əlacı yoxdur. Amma siz də düzgün buyurursunuz ki, investisiya xərclərini azaltmaqla bu sektoru inkişaf etdirmək olmaz. Nəzəri olaraq bizim ÜDM-də (ümumdaxili məhsulda) qeyri-neft sektorunun payı yüksəkdir. Hardasa, 55%-dən çoxdur. Amma gəlin, görək, hökumət qeyri-neft sektoru deyəndə nəyi nəzərdə tutur? Araşdıranda məlum olur ki, tikinti kimi neftin puluyla yürüdülən sahələr sənədlərdə qeyd olunan qeyri-neft sektoruna aiddir. Qısası, qeyri-neft sektorumuz belə neftimizdən asılıdır. Neft pulu yönəldilməsə, həmin sektor da inkişaf edə bilməz. Üstəlik, qeyri-neft sektorunun inkişafı üçün yüngülləşdirilmiş vergi siyasəti aparılmalıdır. Layihədə isə əsas gəlir mənbəyindən biri də vergidaxilolmalarıdır. Deməli, vergilərin də artırılması proqnozlaşdırılıb. Vergilər artırılacaqsa və əlavə investisiya qoyulmayacaqsa, qeyri-neft sektoru necə inkişaf edəcək? Hökumət bu problemi həll etmək üçün devalvasiyaya getməyə məhkumdur.
Devalvasiyadan yayınmaq üçün bəzi zəruri addımlar atılmalıdır. Bu addımların atılacağı sahələrdən biri gömrükdür. Gömrük məntəqələrinin fəaliyyəti şəffaflaşmalı və sadələşməlidir. Əgər bu, olmasa, inflyasiyadan qaçmaq mümkün olmayacaq.
İkinci addım kimi kiçik və orta sahibkarlıq inkişaf etdirməlidir. Bunun üçün isə münbit rəqabət şəraiti yaratmalı, monopoliyalar aradan qaldırılmalıdır.
Üçüncüsü, orta və kiçik sahibkarlar ucuz maliyyə resursları ilə təmin edilməlidirlər. Bu addımlarla yanaşı, digər yardımçı islahatlar da aparılmalıdır. Məsələn, qanunvericilik bazası təkmilləşdirilməli, icra orqanlarının sahibkarlıq sahələrinə müdaxilələrinin qarşısı alınmalı və s. Elə mallar var ki, ölkəyə real dəyərindən 2-3 dəfə baha qiymətə gətirilir. Gömrükdə sahibkarlardan rüsum adıyla alınan qeyri-rəsmi ödənişlər qiymətləri dəfələrlə artırır. Bunların qarşısı alınsa, biz hətta bəzi malların ucuzlaşmasının şahidi olarıq. Düşünürəm ki, hökumətin öz proqnozlarını reallaşdırması üçün ciddi rıçaqlar var və buna əməl edərsə, rahatlıqla ölkəni gözləyən böhrandan xilas edə bilər.