Bu yazdıqlarım öz həyat təcrübəmdəndir, bəlkə də kimlərsə razı olmayacaq. Amma mən gördüklərimdən yazacam, həm bir zamanlar işaxtaran, həm də digər bir zamanlar da işəgötürən qismində qarşılaşdıqlarımdan və dostlarımızın dediklərindən:
1. Siz kiməsə görə çox güclü rəqibsiniz
Bəli, bəzən belə olur ki, çox güclü namizəd də müraciət etdiyi vakansiyaya seçilmir. İşəgötürənlər onda potensial rəqib görür. Məsələn, dostlarımdan biri mənə danışıb ki, 700 bal toplayıb universitetə qəbul olmuş, sonradan Rusiyada özünə iş qurmuş və yalnız valideynlərinin təkidinə görə geri qayıtmış gənc mütəxəssisisi bank filialına ona görə işə almayıblar ki, filial müdiri onun sadə bir vəzifədə çox qalmayacağını və tez bir zamanda, hətta onun yerinə belə keçə biləcəyini anlayıb.
2. Həddindən artıq aktivlik və temperament
Bu, mənim özümə deyilmiş bir cavabdır. Həddindən artıq temperament və ya çoxlu müxtəlif maraqların olması insanı işəgötürənin gözündə qeyristabil biri kimi göstərə bilər.
Yəni işəgötürən düşünə bilər ki, sizi “bir ofisdə saxlamaq mümkün olmayacaq”. Hətta saxlamaq olsa belə bu iş sizin üçün marağını tez itirəcək. Bu tip düşüncələr sizin seçilməyinizə əngəl olur.
3. Gələcək planları danışarkən ehtiyatsızlıq
Sizin möhtəşəm planlarınız ola bilər, xaricdə təhsil, bankda işə düzəlmək, maliyyə sahəsində irəlilələmək – amma müraciət etdiyiniz vakansiyaya uyğunluğu yoxdursa onları dilə gətirməyin.
Yəni PR bölməsində iş üçün müraciət edib, ürəyinizin daha çox maliyyə üçün döyündüyünü deməyə dəyməz. Baxmayaraq ki, siz hər iki işin öhdəsindən əla gələ bilərsiniz. "Ürəyinizin başqasına məxsus olması" faktı belə sizin müraciət etdiyiniz işə müvəqqəti yanaşmanızı göstərir.
4. Sakitlik və ya durğunluq
Bu iş sizə çox lazımdır. Amma siz müsahibədə bunu sübut etmək əvəzinə sadəcə suallarsa sakitcə, başı aşağı cavab verirsiniz. Heç bir istək, çırpıntı, həvəs və s hiss olunmur.
5. Yersiz həyəcan – hissləri idarə etməmək
Sizi başa düşürəm. Mən əvvəllər hətta kimləsə ilk dəfə telefonla danışanda belə həyəcanlanırdım, absurddur amma olur. Bacardığınız qədər bunu kənara qoyun. Hər kəsin özünü sakitləşdirmək üçün bir metodu olmalıdır. Özünüzü imtahanda uğurlu və bildiyiniz bir bileti çəkmiş kimi hiss edin: məsuliyyətli, lakin şanslı. Axı siz hara və hansı müsahibəyə gəldiyinizi bilirsiniz və hazırlaşmaq fürsətiniz olub.
Bu arada işəgötürənlərə də demək istəyirəm ki, kiminsə müsahibədə sakit dayanması, kiminsə çox danışması, kiminsə həyəcanlı və ya əksinə özünəinamlı olması hələ həmin adamın iş qabiliyyətindən və praktikada özünü necə sübut edəcəyindən xəbər vermir, hər şey işləyəndə və çalışanda məlum olur. Amma təəssüf ki, hər müdirin yanında, bunu onun yadına salacaq adam olmur və qərarlar sadəcə ilk təəssürata əsaslanır.
Ən sərfəli kredit üçün müraciət et
6. Çox sərbəst və gülərüz olmaq
Şəxsən mənə deyilən bir cavab (yəni müsahibədən sonra tanışımdan maraqlanırdım ki, müsahibə necə keçib) – “Niyə o qədər gülürdün? Adam müsahibədə bir az ciddi olar” -deyir cavabında. Bura Azərbaycandır və sən demə bu kimi nüanslar da sizin “yox” cavab almanıza səbəb ola bilər. Amma deyim ki, mən niyə o qədər güldüyümü xatırlamıram. Bəlkə, həmin işi qazanmaqda maraqlı deyildim.
7. Müsahibəyə gəldiyiniz iş haqqında heç nə bilməmək
Bunu çox deyirik, amma yenə də eyni səhvi hamı edir: gəldikləri şirkət haqqında və bəzən müraciət etdikləri vəzifə haqqında məlumatsızlıq. “Mənim CV-ımı bura dostum, bir tanışım və s kimsə “atmışdı”” – kimi bəhanələr. Ümumiyyətlə “CV atmaq” nə deməkdir? İstifadə etdiyniz hər kəlmədə, qüsursuz olmağa çalışın. Müsahibəyə ev tapşırığı kimi yanaşın və hazırlıqlı gəlin.
8. İlk bir ay – sınaq müddəti
Sizə desələr ki, bu bir ya üç ay formal bir müddətdir, inanmayın. Təbii ki, sizi sınayacaqlar, insani və işgüzar keyfiyyətlərinizi. Müdirlər narazı və kaprizli insanları sevmir. Çünki narazılıq yolxucudur. Yeni bir narazılıq yayan işçi bütün kollektivi yoluxdura bilər. Bu isə müdirə lazım deyil.
Insanlar var ki, hər şeydən narazıdır, şikayətlənməyi sevir. Belələrini yalnız iş mühitində tanımaq olur.
9. Kollektivdə narazılıq – kollektivə nifaq salmaq
Yeni gələn əməkdaş əvvəlkilərlə yola gedə bilmir və ya buna heç cəhd də eləmir. Və ya yeni əməkdaş köhnə əməkdaşlara işin çoxluğundan gileylənir, “Siz burda necə işləyirsiniz?” kimi suallar verir, hansı əməkhaqqıya başqa yerə işə gedə biləcəyinizi soruşur, bir sözlə yeni əməkdaş köhnə kollektivi bir-birinə vurur. Çalışın belələrindən olmayın.
10. İş axtarmamaq
Əgər iş axtarmırsınızsa, işsiz qalmağınız təbiidir. Yalnız, əsl peşəkarlar özlərinə belə bir lüks imkanı verə bilər, çünki onlar iş axtarmır, iş onları tapır.
Bəli, bir gün gəlir ki, daha iş axtarmağınıza ehtiyac qalmır, təkliflər özü sizi tapır. Amma həmin an gələnə qədər öz üzərinizdə çox çalışmalı və rəqabətlı əmək bazarında nə ilə fərqlənəcəyinizi müəyyən etməlisiniz.
Könül Soltanova, Banco.az