İqlim böhranı və yeni aqrar reallıq: Kənd təsərrüfatinda texnoloji və institusional adaptasiya | Banco.az

İqlim böhranı və yeni aqrar reallıq: Kənd təsərrüfatinda texnoloji və institusional adaptasiya

Müəllif: Amin Məmmədov        

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın maliyyə yardımı ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən həyata keçirilən "Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı" layihəsi çərçivəsində hazırlanmışdır və layihə üzrə maarifləndirmə fəaliyyətlərinin tərkib hissəsidir.

İqlim dəyişikliyinin fəsadları artıq uzaq gələcəyin problemi deyil, bu gün kənd təsərrüfatı sektorunun, xüsusilə də aşağı axın zonalarında fəaliyyət göstərən sahibkarların birbaşa gündəlik iqtisadi reallığıdır. Artan temperatur dalğaları, yağıntıların qeyri-müntəzəm paylanması, suvarma şəbəkələrindəki infrastruktur çatışmazlıqları və torpaqların sürətlə sıradan çıxması (şoranlaşma, deqradasiya) ənənəvi bitkiçilik metodlarının gəlirliliyini ciddi şəkildə sınağa çəkir. Lakin mövcud risklərin təhlili göstərir ki, iqlim şoklarının mənfi təsirlərini minimuma endirmək və təsərrüfatların rentabelliyini qorumaq üçün həm texnoloji, həm də institusional idarəetmə səviyyəsində əlçatan, effektiv adaptasiya həlləri var.

Texnoloji keçid: Səmərəli infrastruktur və yaşıl həllər

Aqrar sektorda iqlim adaptasiyasının əsas sütunlarından biri su və torpaq resurslarının idarə edilməsində innovativ və çevik mühəndislik həllərinin tətbiqidir. Bir çox regionlarda əsas problem təbiətdə su resursunun tamamilə tükənməsi deyil, mövcud suyun sahələrə nəql edilməsini təmin edən lokal infrastrukturun zəifliyidir.

Məhz bu texnoloji boşluğu doldurmaq üçün fərdi xərcləri aşan böyük stasionar sistemlər əvəzinə, icma əsaslı mobil modul nasos aqreqatlarının və suyun torpaq kanallarda sızaraq 40-50% itkiyə getməsinin qarşısını alan çevik polietilen boru kəmərlərinin (Layflat sistemlərinin) təkanverici rolu ön plana çıxır. Su mənbədən çıxdığı andan etibarən qapalı boru kəmərləri ilə birbaşa əkin sahəsinin başına çatdırıldıqda həm buxarlanma itkiləri sıfıra enir, həm də torpağın strukturunu korlayan təkrar şoranlaşma dalğasının qarşısı alınır.   

Çöl şəraitində sadə və effektiv həllər: Mulçalama və gecə suvarılması

Yaşıl keçid hər zaman baha başa gələn və mürəkkəb texnologiyalar demək deyil. Təsərrüfatların daxili resursları çərçivəsində, taxıl biçinindən sonra yaranan tonlarla taxıl samanından əkin sahələrində mulça (təbii örtük) materialı kimi istifadə edilməsi buna bariz nümunədir. Cərgələrin arasının saman qatı ilə örtülməsi günəş şüalarının torpaq səthinə birbaşa düşməsini əngəlləyir və qızmar yay aylarında torpaq nəmliyinin havaya uçmasını (evapotranspirasiyanı) 35-40% azaldır.

Bu sadə, lakin elmi əsaslı aqrotexniki üsul suvarma intervallarını uzadır, texnikanın işləmə saatlarını azaldır və dizel yanacağı xərclərini birbaşa aşağı salır. Eyni zamanda, suvarma qrafiklərinin yalnız buxarlanmanın ən az olduğu axşam və gecə saatlarına (Gecə rejimi) nizamlanması bitkiləri isti su şokundan qoruyur və su resurslarından maksimum faydalılıq təmin edir.



İnstitusional güc: Bələdiyyə və icma sinerjisi

İqlim adaptasiyasının uğurlu icrası yalnız texniki avadanlıqlarla deyil, həm də yerli özünüidarə orqanları (bələdiyyələr) ilə icmanın müştərək məsuliyyət modelini qurmaqla mümkündür. Fermerlərin, bələdiyyə nümayəndələrinin və sahə mütəxəssislərinin iştirakı ilə formalaşdırılacaq "İcma Su Şuraları" və ya yenilənmiş Su İstifadəçiləri Assosiasiyaları (SİA 2.0) suyun daxili bölüşdürülməsində şəffaflığı bərpa edir.

Fermerlərin könüllü iştirakı ilə qurulacaq "Lokal İcma Fondları" sayəsində avadanlıqların cari təmir və yanacaq xərcləri kənar donorlardan asılı olmadan, çevik şəkildə həll olunur. Həmçinin, bu növ institusional birliklər fermerlərin təkbaşına müraciət edə bilmədiyi dövlət dəstəkli yaşıl kredit və subsidiya alətlərinə (məsələn, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) lizinq güzəştləri, Sahibkarlığın İnkişafı Fondunun (SİF) aşağı faizli kreditləri) kollektiv şəkildə çıxışını təmin edir.

Diversifikasiya: İqlimə dözümlü və suya az tələbkar bitkiçilik

Uzunmüddətli perspektivdə aqrar sektorun su asılılığını azaltmaq üçün əkin strukturunun şaxələndirilməsi (diversifikasiya) mütləqdir. Yüksək su tələb edən ənənəvi bitkilərin yanında, iqlim şoklarına və şorlaşmaya yüksək dözümlülük nümayiş etdirən çoxillik və illik bitki növlərinin (zeytun, dənli sorqo, nar, paxlalılar) əkininə üstünlük verilməsi strateji əhəmiyyət kəsb edir. Məsələn, zeytun bağçılığı və ya qarğıdalıya alternativ olan dənli sorqo bitkisi minimal suvarma tələb etməklə yanaşı, sahibkarlara uzunmüddətli və sabit iqtisadi gəlir formalaşdırır.

Aqrar coğrafiyada iqlim adaptasiyası və resursların mövsümi səmərəli idarə edilməsi, yerli özünüidarə orqanları ilə fermerlərin birgə institusional təşəbbüsü, dayanıqlı maliyyə modelləri və əlçatan yaşıl texnologiyaların inteqrasiyası ilə mümkündür. Tətbiq ediləcək bu konseptual adaptasiya modelləri, aqrar müəssisələrin rəqəmsal ESG (Ekoloji, Sosial, İdarəetmə) profillərini gücləndirərək, kənd təsərrüfatının dayanıqlı inkişafı və bankların yaşıl layihələrə investisiya yatırması üçün effektiv bir iqtisadi zəmin rolunu oynayacaqdır.          

İstinadlar:

1. FAO. Irrigation and Agricultural Water Management. Food and Agriculture Organization of the United Nations.

2. FAO. Water Governance and Water Users Associations. Food and Agriculture Organization of the United Nations.

3. World Bank. Stakeholder Engagement for Effective Agricultural Water Resources Governance and Institutions.

4. World Bank. Water Users Associations and Irrigation Management: institutional conditions.

5. International Organization for Standardization. ISO 31000:2018 (Risk Management) & ISO 14001:2015 (Environmental Management).

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası və Aqrar Subsidiya Şurasının Qərarları.

7. Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos). Peyk monitorinqi platforması və aqrar NDVI / Şoranlaşma İndeksi bələdçisi.