2023-cü ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivləri bir barel neftin qiymətinin 60 dollar səviyyəsində qalacağı halda 50,8 mlrd. dollara çatacaq. Bu barədə Fondun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu bəyan edib.
“ARDNF-nin ortamüddətli və uzunmüddətli gəlirləri üzrə proqnozlarımız bir barel neftin 60 dollar məbləğində orta qiymətinə əsaslanıb. Cari proqnozlarımıza əsasən, 2022-ci ilin sonuna ARDNF-nin aktivləri 50,8 mlrd.dollara çatacaq”, - N.Nəsrullayeva-Müdüroğlu "Azeri Observer" jurnalına müsahibəsində bildirib
Onun sözlərinə görə, 2015-2016-ci illərdə ARDNF-nin aktivlərinin azalması müşahidə edilib, bu da dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar olub.
“Lakin dövlət büdcə xərclərinin uğurlu optimallaşması ilə bərabər neftin qiymətinin artımı 2017-ci ildən etibarən Fondun aktivlərinin sürətli bərpasına imkan yaradıb. Hazırda aktivlər 38,9 mlrd. dollar məbləğində rekord səviyyədədir”, - N.Nəsrullayeva-Müdüroğlu əlavə edib.
Marja.az