Qlobal dəniz daşımalarının qiyməti rekord həddə çatdı | Banco.az

Qlobal dəniz daşımalarının qiyməti rekord həddə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Münaqişələr və iqlim dəyişiklikləri dünyanın əsas dəniz və çay marşrutlarında yükdaşıma xərclərini kəskin artırıb.

Financial Times-ın analitiklərə istinadən yaydığı məlumata görə, Panama kanalı, Reyn çayı, Qırmızı və Qara dənizlərdəki problemlər qlobal daşımaları bahalaşdırıb. Xüsusilə Hörmüz boğazındakı vəziyyət və Avropa ilə Latın Amerikasında davam edən quraqlıq yükdaşıma tariflərini rekord səviyyələrə çatdırıb.

Argus-un məlumatına görə, Fars körfəzindən Asiyaya neft daşınmasının tarifləri ötən həftə barel üçün 15,22 dollara yüksəlib. Bu, şirkətin 2005-ci ildən bəri qeydə aldığı ən yüksək göstəricidir.

Asiyadan ABŞ-ın Şərq sahillərinə konteyner daşımalarının orta spot qiyməti isə illik müqayisədə 234 faiz artaraq 10 200 dolları keçib. Söhbət standart 40 futluq konteynerdən gedir.

İqlim dəyişikliyi də daşımalar üçün əlavə problem yaradıb. El Niño hadisəsinin təsiri Panama kanalında suyun səviyyəsinin azalmasına səbəb olub. Hörmüz boğazındakı vəziyyət fonunda kanala tələbatın artması isə keçid üçün hərrac qiymətlərini kəskin yüksəldib.

Avqust ayında Panama kanalından keçid üçün gündəlik hərrac yerlərinin orta qiyməti 1,1-2,5 milyon dollara çataraq rekord səviyyəyə yüksəlib.

Mütəxəssislər hesab edirlər ki, artan daşınma xərcləri tədarük zənciri boyunca digər məhsulların qiymətlərinə də təsir göstərə bilər. Bu isə yanacaqdan ərzağa qədər müxtəlif məhsulların bahalaşması riskini artırır.

Xeneta analitiki Peter Sand bildirib ki, Yaxın Şərqdəki münaqişələrin yaratdığı logistika problemləri qısa müddətdə aradan qalxmaya bilər.