Əhalisinin böyük hissəsi əmək qabiliyyətli olan ölkələr – TOP 10 | Banco.az

Əhalisinin böyük hissəsi əmək qabiliyyətli olan ölkələr – TOP 10

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əmək qabiliyyətli əhali 15–64 yaş arasında olan insanların ümumi əhali arasındakı payını ifadə edir. Bu göstərici ölkənin potensial əmək resurslarının miqyasını göstərsə də, birbaşa məşğulluq və ya işçi qüvvəsində iştirak səviyyəsi kimi qəbul edilmir.

Banco.az Worldostats-ın 2025-ci il məlumatlarına istinadən xəbər verir ki, əmək qabiliyyətli əhalinin payının ən yüksək olduğu ölkələr əsasən Körfəz və Asiya regionlarında cəmləşib.

Əmək qabiliyyətli əhalinin payına görə ilk 10 ölkə:

  • Qətər – 83,3%
  • BƏƏ – 82,0%
  • Küveyt – 78,4%
  • Bəhreyn – 77,4%
  • Maldiv adaları – 75,6%
  • Sinqapur – 75,2%
  • Səudiyyə Ərəbistanı – 73,1%
  • Yamayka – 73,0%
  • Bruney – 72,5%
  • Butan – 72,2%

Reytinqdə xüsusilə Körfəz ölkələrinin üstünlüyü diqqət çəkir. Qətər və BƏƏ müvafiq olaraq 83,3% və 82% göstərici ilə ilk iki sırada yer alır. Küveyt və Bəhreyn də ilk beşlikdə qərarlaşıb. Səudiyyə Ərəbistanı isə 73,1%-lik göstərici ilə ilk 10-luqda yer alan digər Körfəz ölkəsidir.

Bu yüksək göstəricilərdə miqrasiya amilinin də əhəmiyyətli rolu var. Körfəz ölkələri uzun illər ərzində əmək bazarının tələbatını qarşılamaq üçün çox sayda xarici işçi cəlb edib. Bu insanların böyük hissəsinin işləmək məqsədilə ölkəyə gəlməsi həmin dövlətlərdə 15–64 yaş qrupunun ümumi əhali içində payını artırır.

Körfəz ölkələrindən kənarda Maldiv adaları və Sinqapur da yüksək göstəriciləri ilə seçilir. Asiyanın digər ölkələrindən Cənubi Koreya, Malayziya və Tayland da ilk 15-likdə yer alıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram