Çin iqtisadiyyatı ilin ikinci yarısına zəif başladı | Banco.az

Çin iqtisadiyyatı ilin ikinci yarısına zəif başladı

Müəllif:Mehin Qasımova,Banco.az

Çin iqtisadiyyatı ilin ikinci yarısına gözləntilərdən zəif göstəricilərlə başlayıb.

Banco.az xəbər verir ki, iyul ayında sənaye istehsalı, pərakəndə satışlar və investisiyalar üzrə artım proqnozları doğrultmayıb.

Milli Statistika İdarəsinin məlumatına görə, sənaye istehsalı iyulda illik müqayisədə 4,5 faiz artıb. Bu, iqtisadçıların gözlədiyi 5 faizlik artımdan aşağıdır və son üç ayda ilk dəfə artım tempinin zəifləməsi deməkdir.

Pərakəndə satışlar isə cəmi 0,6 faiz artıb. İqtisadçılar bu göstəricinin 1,5 faiz olacağını gözləyirdilər.

İlin ilk yeddi ayında əsas vəsaitlərə investisiyalar illik müqayisədə 6,7 faiz azalıb. Bu da 6,2 faizlik azalma proqnozundan daha pis nəticədir. Şəhərlərdə işsizlik səviyyəsi də iyundakı 5 faizdən 5,2 faizə yüksəlib.

Çinin Milli Statistika İdarəsi iqtisadiyyatın ilin əvvəlindən etibarən ümumilikdə sabit qaldığını bildirsə də, xarici mühitin mürəkkəb və dəyişkən olduğunu, daxili tələbatın isə zəif qaldığını qeyd edib.

İqtisadiyyatda zəif daxili tələbatla yanaşı, ekstremal hava şəraiti də problemləri artırıb. Güclü yağış və küləklər fabriklərin və limanların fəaliyyətinin müvəqqəti dayanmasına, elektrik enerjisinin kəsilməsinə və on minlərlə insanın təxliyəsinə səbəb olub.

Avtomobil bazarında da vəziyyət ürəkaçan deyil. İyul ayında Çində minik avtomobillərinin satışları 21 faiz azalıb. Yerli avtomobil istehsalçıları isə yüksək xammal xərcləri və bazardakı sərt qiymət rəqabəti səbəbindən mənfəət marjalarının azaldığını bildirirlər.

İxracın sürətli artmasına baxmayaraq, Çinin ikinci rübdə iqtisadi artımı hökumətin illik 4,5-5 faiz hədəfindən aşağı olub. Zəif daxili tələbat fonunda iqtisadiyyatın ilin ikinci yarısında əlavə dövlət dəstəyinə ehtiyacının olub-olmadığı diqqətlə izlənilir.