Müsahibimiz: Sığorta sahəsi üzrə ekspert Ceyhun Qubatov
Manatın devalvasiyası bank sektorunu ciddi risklər ilə üz-üzə qoyub. Yəni bu sektorda gözlənilən risklər bəllidir. Bəs, sığorta bazarında hansı problemlərin yaşanması mümkündür?
Devalivasiya sığorta bazarına da təsir etməyə bilməz. Hökmən təsir edəcəkdir və etməkdədir. Problemlərə gəldikdə isə ən böyük problemin avtokasko üzrə olması labüddür. Nəzərə alsaq ki, bizim sığorta bazarı daha çox avtomobil sığortası üzərində qurulub, devalivasiyanın təsirləri sığortadan yan keçməyəcəkdir. Aydın məsələdir ki, devalivasiya nəqliyyat vasitələrinin qiymətinə də, təsir edib. Bir çox avtomobillərin qiyməti artıb.
Avtomobilin qiyməti artdığından onun sığorta haqqı da, qalxacaq.
Çünki avtomobilin sığorta haqqı onun bazar dəyərinə uyğun olaraq hesablanır. Eyni zamanda da, devalivasiya daşınmaz əmlakında bazar qiymətinə təsir edəcəkdir ki, bu da özlüyündə əmlak sığortasının qiymətlərinin də artmasına səbəb ola bilər. Əmlak sığortası bazarı o qədər də inkişaf etmədiyindən bu proses şirkətlərə daha pis təsirlər edə bilər. Həmçinin insanların sığorta barədə məlumatlılıq səviyyəsi aşağı olduğundan əvvəllər də sığortaya bir o qədər də pul xərcləmək istəmirdi. İndi isə normal şəraitdə sığorta əldə etmək istəməyən bu şəraitdə, ümumiyyətlə, əldə etmək istəməyəcək. Bu da bazara ciddi problem yarada bilər.
Məhz hansı amillər müştərilərin narazılığına səbəb ola bilər?
Narazılıqdan danışarkən onu iki yerə bölə bilərik. Haqsız olaraq narazı olanlar və haqlı olaraq narazı olanlar. Onsuz da bəzi insanlar məlumatsız olduqlarından haqsız olaraq sığortadan narazı idilər. Haqlı olaraq narazılar da var. Amma bunlar azdır.
Keçən il sığorta nəzarəti orqanına edilən şikayətlərin 80%-i əsassız olub. Bu onu deməyə əsas verir ki, haqsız narazılar daha çoxdur. Müştəri narazılığına səbəb olan amillər kəmiyyət baxımından ola bilər. Yəni, sığortanın qiymətinin baha olması, təminatın az olması, əvvəllər indikindən aşağı qiymətə daha çox təminatın olması kimi narazılıqlar ola bilər. Sığorta obyektinin qiymətləndirilməsi zamanı narazılıqlar ola bilər.Yaxud əvvəllər təminata daxil olan müəyyən risklərin indi sığorta şirkətlərinin təminatdan çıxartması, nəzərə almaması və ya təminata daxil etdikdə nisbətən baha etməsi narazılığa səbəb ola bilər. Başqa narazılıqlar da ola bilər. Hansılarla ki, zaman keçdikcə rastlaşacağıq. Hansıları ki, indidən görmək mümkün deyil.
Şirkətlər üçün əsas təhdidlər hansılardır?
Keçən il avto kreditlərlə bağlı dəyişiklik olanda sığorta bazarına mənfi yönümdə təsirlər etdi. Eləcə də, bu dəyişikliklər sığorta şirkətlərini sövq etdi ki, yeni məhsullar ortaya qoysunlar. Hazırki durum da baş verən proseslər də şirkətlər üçün təhdid mənbəyidir. Ən əsas təhdid banklarla və digər kredit təşkilatları ilə sıx əməkdaşlıq edən sığorta şirkətləri üçün yaranır. Həmçinin, daha bir təhdid qiymətləndirmə ola bilər. Sığorta obyektinin bazar dəyəri müştəri tərəfindən bir başqa, şirkət tərəfindən də bir başqa götürülə bilər. Bu da narazılıq yaradacaq ki, satış prosesi çətinləşəcək. Buna qiymət artımı və insanların maddi durumu da təsir etdikdə vəziyyət bir başqa ola bilər.
Mövcud vəziyyətdə hansı addımların atılması hər iki tərəfin mövqeyini maksimum şəkildə qoruya bilər, çıxış yollarını nədə görürsünüz?
Sığorta bazarına devalivasiyanın təsiri halında (hansı ki, baş verir) bazar dəyəri dəyişən avtomobilin sığortasında dolların kursu orta bir rəqəmdə hesablanması daha məqsədəuyğun olar. Belə yanaşma qiymət barədə mübahisələri aradan qaldıra bilər. Həmçinin unutmaq lazım deyil ki, böhran yeni imkanlar deməkdir. Hər zaman böhranlardan sonra ayaqda qalanlar daha öndə olmuşlar. İndiki şərait də sığorta şirkətlərinə imkan yarada bilər. Bu əslində çıxış yolu yox, imkan və üstünlük deməkdir. Sadəcə yanaşma fərqli olmalıdır.
Hazırki şərait insanların məhdud imkanları deməkdir. İnsanlarda avtomobilin təmirinə pul olmadıqda onlar itirmək istəməzlər. Odur ki, belə vəziyyətdə sığortalanmaqla gələcəkdəki itkiləri minimuma endirmək olar. Düzdü sığorta hər zaman buna xidmət edib. Lakin indiki şərait ona təşviq edir ki, insanlar daha az xərcləsinlər. Sığorta haqqı hadisə zamanı dəyən zərərlə müqayisədə çox kiçikdir. Məsələyə həssas yanaşıb insanlara çatdırmaq lazımdır ki, sığorta əldə etmək üçün pul xərcləmək daha yaxşıdır, nəinki hadisə baş verəndə daha çox xərcləmək. Bunun üçün də insanlar maarifləndirilməlidir.
Əgər bu baş verənə qədər insanları maksimum maarifləndirə bilsəydik indi sığorta bazarı tamam fərqli olardı. Lakin heç vaxt gec deyil. Sadəcə insanlara sığortanın faydalı olduğunu maksimum çatdırmaq üçün şirkətlər eyni hədəfə yönəlməlidir.