"SpaceX" 60 milyard dollara süni intellekt şirkətini aldı | Banco.az

"SpaceX" 60 milyard dollara süni intellekt şirkətini aldı

Müəllif:Mehin Qasımova,Banco.az

İlon Maskın kosmik texnologiyalar şirkəti "SpaceX" süni intellekt əsaslı proqramlaşdırma platforması olan Cursor-u 60 milyard dollara satın alıb.

Banco.az xəbər verir ki, müqavilə səhmlərlə həyata keçirilib və avqustun 14-də rəsmi olaraq tamamlanıb.

Bu satınalma SpaceX-in kosmik texnologiyalardan kənarda süni intellekt sahəsindəki mövqeyini gücləndirmək strategiyasının mühüm hissəsi hesab olunur. "Cursor" artıq SpaceX-in tam mülkiyyətində olan şirkətə çevrilib.

Şirkətlər əslində bu razılaşmadan əvvəl də əməkdaşlıq edirdilər. Apreldə "SpaceX" və "Cursor" süni intellekt və proqramlaşdırma texnologiyalarının birgə inkişafı üçün tərəfdaşlıq qurmuşdu. Daha sonra "SpaceX" Cursor-u almaq hüququ əldə etmiş və iyunda 60 milyard dollarlıq sövdələşməni həyata keçirmək qərarını açıqlamışdı.

Satınalmanın əsas üstünlüklərindən biri Cursor-un SpaceX-in böyük hesablama infrastrukturundan istifadə edə bilməsidir. Şirkət xüsusilə "Colossus" adlı nəhəng süni intellekt hesablama sistemindən yararlanaraq daha güclü modellərin hazırlanmasını sürətləndirməyi planlaşdırır.

Cursor-un məlumatına görə, bu imkanlar daha inkişaf etmiş süni intellekt modellərinin hazırlanmasına və onların istifadəçilərə daha aşağı qiymətlərlə təqdim edilməsinə şərait yarada bilər.

60 milyard dollarlıq sövdələşmə süni intellekt tarixində ən böyük proqram təminatı satınalmalarından biri olmaqla yanaşı, SpaceX-in artıq yalnız raket və peyk şirkəti olmadığını, süni intellekt yarışında da böyük oyunçuya çevrilmək istədiyini göstərir.