İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta ehtiyatları ilə bağlı maraqlı fikirlər səsləndirib. "Mərkəzi Bankın valyuta ehtiyatları 9 aylıq ərimədən sonra nəhayət ki yaşıl zonaya daxil oldu."
Qeyd edək ki, 2015-ci il iyun ayı üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 42,9 milyon dollar artmaqla 8430.8 mln ABŞ dolları təşkil etmişdir. Halbuki 2014-cü ilin iyulunda rekord həddə - 15,2 milyard dollara çatmışdı.
Artım gözlənilməsi ilə bağlı birmənalı fikir söyləmək çətin idi. Məntiqlə valyuta ehtiyatının azalması apreldən dayanmalı idi. Çünki panika dayanmış, əmanətlərin valyutaya çevrilməsi demək olar ki, yekunlaşmışdı. Ancaq gözləntilərin əksinə olaraq apreldə də azalma qeydə alındı. O, zaman başqa səbəb axtarmaq lazımdır. Əlbəttə söhbət ölkədən kapital axınından gedir. Manat üçün də məhz bu amil təhlükə törədir. Mərkəzi Bankın may ayında artıma nail olmasını heç də kapital axının səngiməsi kimi qymətləndirmək olmaz. Bu vaxta qədər əsasən likvid kapital ölkədən çıxarılıb. İndiki sakitliyə səbəb qeyri-likvid kapitalla bağlıdır ki, onların likvidə çevrilməsi adətən zaman aparır. Bu, aylar da çəkə bilər. Biz bunun əlamətlərini iyul-avqust aylarından başlayaraq müşahidə edəcəyik.
Ekspertin fikrincə, ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar. 2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxarılmış, nəticədə banklar manat qıtlığı ilə üzləşmişdi. Təxminən 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38%-ni təşkil edən avronun may ayında 2%, 13%-ni təşkil edən funt sterlinqin isə 0,4% ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib.
Neft uzun müddətdir 60-70 dollar arasında rəqs edir. Hər hansı gözlənilməz hadisə baş verməsə, güman ki, hələ bir müddət bu səviyyədə qalacaq. Neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda Mərkəzi Bank inflyasiya təyziqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib.