İnternetdə yayımlanan məqalələrin izləyicilər tərəfindən şərh yazılmazdan əvvəl oxunulduğuna dair sübuta ehtiyac olub olmaması hazırda müzakirə mövzusuna çevrilmişdir.
Əgər siz “Facebook” və ya digər sosial şəbəkələrdə yayımlanan xəbərləri müntəzəm olaraq izləyirsinizsə və ya onlayn qəzet oxuyursunuzsa, güman ki, son zamanlar geniş yayılmış spesifik bir fenomenlə qarşılaşmısınız. Belə ki, internetdə yayımlanan məqalələrə izləyicilərin rəyləri bir çox hallarda onların məzmundan xəbərinin olmamasına dair şübhə yaradır. Çünki rəylərin əksəriyyətinin məqalənin məzmunu ilə heç bir əlaqəsi olmur. Ola bilsin ki, izləyicilərin bəziləri məqalələri oxumağa vaxt sərf etmək istəmirlər.
Ostin Texas Universitetinin tətqiqatçıları tərəfindən həyata keçirilən “Engaging News Project” layihəsi çərçivəsində 2016 – cı ildə aparılan araşdırmanın nəticələrinə görə şərh yazan oxuyucuların yarıdan azı məqaləni oxumağa şərh yazıb gələn cavabları oxumaqdan daha çox vaxt sərf edirlər. Təqribən hər beş oxuyucudan biri isə məqalələrin özündən çox rəylərə vaxt ayırırlar. Hətta bəzi xəbər agentlikləri internet vasitəsilə yayımlanan məqalələr üçün rəy bölməsini deaktiv edir.
Araşdırma həmçinin göstərdi ki, rəy bildirənlər bütün oxucu auditoriyasını təmsil etmir, əsasən aşağı təhsil və gəlir səviyyəsinə malik şəxsləri göstərir.
Bəs, şərh yazan izləyicilərin neçə faizinin məqalənin məzmunu ilə həqiqətən tanış olduğunu göstərən bir sübut tələb edilməlidirmi?
2016 – cı ildə ABŞ və Fransa tədqiqatçıları tərəfindən həyata keçirilən digər bir araşdırmaya görə, istifadəçilər sosial şəbəkələrdə yayımlanan linklərin 59% - nə daxil olmurlar, yəni izləyicilər paylaşılan postların sadəcə başlıqları və ya şəkilləri ilə maraqlanırlar.
Həmçinin oxu: İnstagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq
Bu səbəbdən də məsələnin həlli üçün xəbər saytlarından biri effektiv üsul tətbiq etməyə başlamışdır. Bu ilin əvvəllərində Norveçin dövlət televiziya və radio yayım şirkətinin tabeliyində olan “NRKbeta” texnologiya saytı bəzi mübahisəyə səbəb ola biləcək məqalələrə şərh yazmaq istəyən izləyicilərdən əvvəl üç suala cavab verməklərini tələb edən sistem hazırladı.
Hələ sınaq müddətini keçirən sistemin şərh yazan izləyiciləri məqalələri oxumağa məcbur etməsi daha məntiqli və əlaqəli şərhlərin yazılmasına, yoxsa daha kəskin şərhlərə səbəb olacağı dəqiq bilinmir. Sınaq müddəti uğurlu olacağı təqdirdə isə internet saytı bu üsuldan bütün məqalələri üçün istifadə edəcək.
Həmçinin oxu: Banklarımız Instagram-da nə qədər aktivdir? - ARAŞDIRMA
Tamara Mustafayeva, Banco.az