Dünyanın səbirsizliklə gözlədiyi görüş baş tutdu | Banco.az

Dünyanın səbirsizliklə gözlədiyi görüş baş tutdu

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və ABŞ arasında ticarət sahəsində razılaşma əldə olunub və Çin bir sıra sahələrdə güzəşt addımları atıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Şi Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı zirvəsi çərçivəsində Cənubi Koreyanın Busan şəhərində görüşüblər.

Tramp görüşü “möhtəşəm” adlandıraraq ilk nəticə kimi fentanil tariflərinin 20%-dən 10%-ə endirildiyini açıqlayıb. O bildirib ki, ticarət gərginliyini azaltmaq üçün bir sıra razılaşmalar əldə edilib və Si soya paxlası alımlarına davam etməyə razılaşıb.

Tramp, “bir çox vacib qərarların qəbul edildiyini” vurğulayıb və aprel ayında Çinə səfər edəcəyini bildirib.

Şi Cinpin isə görüşdən sonra ABŞ-la ticarət sahəsində əməkdaşlığa davam edəcəklərini bəyan edib.

Şi, “Bəzən fikir ayrılıqları normaldır, amma biz iki böyük iqtisadiyyat kimi doğru istiqamətdə qalmalı və münasibətlərin sabit inkişafını təmin etməliyik” deyib.

Görüşdə tərəflərin Çinin nadir torpaq elementlərinə dair məhdudiyyətləri bir il müddətinə dayandırması, soya alımlarına yenidən başlaması və fentanillə mübarizədə irəliləyiş əldə etməsi, əvəzində isə ABŞ-ın gömrük rüsumlarını azaltması kimi məsələləri əhatə edən çərçivə razılaşmasının detallarını müzakirə etmələri gözlənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram