Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Hətta iş o həddə çatıb ki, səhər yuxudan duran kimi, ilk olaraq sosial şəbəkə hesablarımızı yoxlayırıq. Həmçinin gecə yatmazdan əvvəl də son yoxlamaları etmədən yata bilmirik. Cəmiyyətdə sosial şəbəkədən müxtəlif təbəqənin insanları müxtəlif məqsədlər üçün istifadə etdiyinə görə, bəzən fikirlər də haçalanır.
"Profillərimiz kimliyimizdir”
Həcər Tərlanlı, menecer
Həcər deyir ki, profillərimiz bizim şəxsi kimliyimizdir: "Sosial şəbəkələrdəki hesablarımız bizim həyatımızda vacib rol oynayır. Hətta iş üçün hansısa şirkətə müraciət edərkən sosial şəbəkələrdə aktiv olub-olmadığımızı da soruşurlar. Fikrimcə, profillərimiz bizim özümüzü ifadə formamızdır. Elə insanlar var ki, real həyatda o qədər ünsiyyətə meyilli deyillər, sosial şəbəkədə də az hallarda nəyisə paylaşdıqlarını görürük. Lakin bəzi insanlar sosiallaşmağı sevir, gündəlik həyatında necədirsə, bu onların profilində də görünür. Hansısa tanımadığımız istifadəçinin profilinə baxdıqda, asanlıqla onun maraqları, dünyagörüşü, həyata pessimist və ya optimist yanaşması, sevdiyi futbol klubu, oxuduğu kitablar və s. haqqında az da olsa, məlumat əldə edə bilirik”.
"Bəzən yanılmalar olur”
Taleh Atakişiyev, teatrşünas
Taleh isə bir qədər fərqli fikirdədir. O deyir ki, sosial şəbəkələr bizim kimliyimizi bəlli edə bilməz: "Müasir dövrümüzü sosial şəbəkələrsiz təsəvvür etmək çox çətindir. Əksəriyyətimiz bir neçə şəbəkə istifadəçisiyik. Onlar bizim haqqımızda ümumi məlumat bazası xarakteri daşıyır. Belə ki, sosial şəbəkə istifadəçisinin getdiyi yerlər, yazdığı statuslar, sevdiyi məşhurlar və kinoları bu şəbəkələr vasitəsilə öyrənirik. Hətta buradan insanın siyasi görüşlərini, nəyi sevib, nəyi sevmədiyini və digər bu kimi məlumatları almaq mümkündür. Amma fikrimcə, sosial şəbəkələr xarakterimizi əks etdirməkdə 100 faiz uğurlu deyil. Çox az hallarda ola bilər ki, klaviatura arxasındakı insanın kimliyini tanımaq mümkün olsun. Amma bu məlumatlar hər zaman düz olmaya bilər. Çünki bir çox insan başqaları nə deyər prinsipindən çıxış edərək olduqları kimi deyil, olmaq istədikləri kimi davranırlar. Bir çox istifadəçi buradan ya dostları ilə yazışmaq, ya da ki dünyada baş verən ən son yeniliklər və xəbərlərlə yaxından tanış olmaq məqsədilə istifadə edir. İnsanın da Ay kimi görünməyən tərəfləri çoxdur. Bu baxımdan düşünürəm ki, sosial şəbəkələr insanın xarakterini tam olaraq aydınlaşdırmır”.
"Hər iki hal mümkündür”
Arzu Ağayeva, jurnalist
Arzu məsələyə bir qədər fərqli aspektdən yanaşır. Onun fikrincə, əslində hər iki hal mümkündür. Çünki insanlar real həyatda olduğu kimi, virtual aləmdə də maska geyinməyi bacarırlar. Həmsöhbətim deyir ki, buna görə də hamını ümumiləşdirmək olmur: "Bu barədə ümumi fikir bildirmək bir qədər düzgün olmaz. Əslində, hər kəs real həyatda olduğu kimi, sosial şəbəkələrdə də öz xarakterinə uyğun davranır. Real həyatda maska geyinməyi sevən, olduğundan fərqli görünməyə çalışan insanlar sosial şəbəkələrdə də cilddən-cildə girməyi bacarırlar. Adətən, dostluq siyahımızda olan əksər sosial şəbəkə istifadəçiləri bizim tanıdığımız şəxslər olur. Yəni onların əksəriyyəti ilə demək olar ki, şəxsən tanışıq və kimin necə biri olduğuna az-çox bələdik. Amma bəzən çoxluq virtual aləmdə özünü daha fərqli şəkildə göstərmək üçün cəhdlər edir. Xüsusilə də instaqram istifadəçiləri bura daxildir. Burada hər kəs özünü olduğundan daha dəbdəbəli, zəngin və xoşbəxt göstərmək üçün əlindən gələni edir. Amma hətta filosoflar belə, insanın tam xoşbəxt olmasını mümkünsüz sayır. Yəni demək istədiyim odur ki, insanlar olduqlarından çox daha fərqli görünmək üçün heç nədən çəkinmirlər. Belə olan təqdirdə isə, həmin adamlar haqqında birmənalı fikir formalaşdıra bilmirik. Sadə və səmimi insanlar hər gün getdiyi kafeni sosial şəbəkədə paylaşmağı mənasız hesab edir. Onlar üçün selfi, status, ünvan paylaşmaq elə də önəmli sayılmır. Əsas odur ki, vaxtlarını səmərəli şəkildə keçirib dostları ilə əylənsinlər. Bu şəxslər üçün sosial şəbəkə sadəcə əyləncə xarakteri daşıyır”.
Kaspi.az