Qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb | Banco.az

Qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayı təqdim edilib. 2020-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə  911,9 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9 faiz azalıb.

Bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz,  İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (58,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı  7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 11,4 milyon, çay ixracı 4,8 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 190,4 milyon ABŞ dolları təşkil edib. Xüsusilə, 2020-ci ilin iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon ABŞ dolları və ya 10 faiz artıb.  Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 26,7 faiz olub.

Bu ilin iyun ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (99,3 milyon ABŞ dolları), Türkiyəyə (32,9  milyon ABŞ dolları), İsveçrəyə (24,6 milyon ABŞ dolları), Gürcüstana (6,2 milyon ABŞ dolları) və Ukrayna (5,1 milyon ABŞ dolları)  ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

2020-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 39,2 milyon ABŞ dolları)  birinci, təzə albalı və gilas (32,2 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –  21 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Fruit Store" MMC, "Global Trade Group" MMC, "Sun Food" MMC,  "Aqrovest" MMC, “Azagroeksport 2017” MMC, "Baku Steel Company". 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” MMC.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et