İlon Maskın şirkəti 100 milyonlarla dollar zərər etdiyini açıqlayıb | Banco.az

İlon Maskın şirkəti 100 milyonlarla dollar zərər etdiyini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın kosmik şirkəti SpaceX ikinci rübdə xalis zərərinin 541 milyon dollar olduğunu açıqlayıb. Bu barədə şirkətin IPO-dan sonrakı ilk maliyyə hesabatında bildirilir.

Banco.az xəbər verir ki, hesabat dövründə şirkətin gəliri illik müqayisədə 92% artaraq 7,8 milyard dollara çatıb.

Əməliyyat zərəri isə 970 milyon dollardan 143 milyon dollara enib. Gəlirin yarıdan çoxu Starlink peyk internet xidmətindən əldə olunub və bu seqment üzrə gəlir 66% artıb. Süni intellekt bölməsinin gəlirləri isə 3,5 dəfə yüksəlib. Eyni zamanda, SpaceX-in kapital xərcləri altı dəfədən çox artaraq 2,83 milyard dollardan 18,37 milyard dollara çatıb.

Maliyyə nəticələrinin açıqlanmasından sonra investorlarla keçirilən görüşdə şirkətin baş direktoru Elon Mask Grok süni intellekt modelində sürətli irəliləyiş əldə edildiyini bildirib. Onun sözlərinə görə, Starship raketinin növbəti uçuşunda yeni nəsil Starlink V3 peykləri orbitə çıxarılacaq.

Maliyyə hesabatından sonra birjadan əvvəlki ticarətdə şirkətin səhmləri 10%-dən çox ucuzlaşaraq 110 dollara yaxınlaşıb. Analitiklər isə hesabatdan əvvəl səhm üzrə zərərin açıqlanandan təxminən üç dəfə yüksək olacağını proqnozlaşdırırdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram