Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon”un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır.
Banco.az xəbər verir ki, “Amazon”un avtonom nəqliyyat vasitələri hazırlayan “Zoox” şirkəti ABŞ-da kommersiya məqsədli robotaksi xidmətini gələn həftə Las Veqas şəhərində istifadəyə verəcəyini açıqlayıb.
Şirkət bildirib ki, ABŞ-nin yol təhlükəsizliyi üzrə tənzimləyici qurumu insan müdaxiləsi olmadan fəaliyyət göstərən robotaksilərinin kommersiya məqsədli istifadəsinə icazə verdikdən cəmi bir neçə gün sonra ödənişli səfərlər başlayacaq.
Üz-üzə yerləşdirilmiş iki sıra oturacağı və at arabasını xatırladan elektrikli dizaynı ilə seçilən “Zoox” indiyədək sınaq proqramı çərçivəsində Las Veqas, San Fransisko, Ostin və Mayami şəhərlərində sərnişinləri ödənişsiz daşıyırdı.
“Zoox”un kommersiya fəaliyyətinə başlaması ABŞ-da robotaksi bazarında rəqabəti daha da gücləndirir. “Alphabet” şirkətinə məxsus “Waymo” artıq bir sıra şəhərlərdə ödənişli sürücüsüz nəqliyyat xidməti göstərir. “Tesla” da robotaksi xidmətini istifadəyə verib. Şirkətlər avtonom taksi çağırışı bazarındakı fəaliyyətlərini genişləndirmək uğrunda rəqabəti davam etdirirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
