Onlayn alış-verişlərdə vergi tutulacaqmı? - İZAH | Banco.az

Onlayn alış-verişlərdə vergi tutulacaqmı? - İZAH

Məlum olduğu kimi, yeni ilə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı xəbərlərlə daxil olmuşduq. Hər ağızdan demək olar ki, bir səs çıxdı. Kimiləri bunu yalanladı, kimiləri isə tamam fərqli məlumatlar yaydı. Hər kəsi hələ də maraqlandıran bu mövzuya işıq tutacağıq.

Onlayn alış-veriş zamanı vergi ödəniləcəkmi?

Vergilər Nazirliyindən bildirilmişdi ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur, ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir.

Bunu bir az daha açaq.

Əgər siz sadəcə internet vasitəsilə mal (telefon, kompyuter, paltar, parfumeriya və s.) alacaqsınızsa bu zaman sizdən heç bir vergi tutulmayacaq.

Həmçinin buna bax: Təhsil haqqını nağd ödəmək mümkün olmayacaq

Yox, əgər siz xidmətlər (elektron kitab, musiqi, oyun, proqram təminatları yükləmək, sosial şəbəkələrdə reklam yerləşdirmək və s.) alacaqsınızsa bu zaman 18% ƏDV ödəməli olacaqsınız.

Elektron ticarət edən şəxsin VÖEN-i varsa və şəxsi məqsədlər üçün xidmət alacaqsa bu zaman 18% ƏDV ödəməli olacaq. Əgər, sahibkarlıq məqsədi üçün xidmət alacaqsa bu zaman, 10% ÖMV(Ödəmə mənbəyində tutulan vergi) + 18% ƏDV ödəməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bir digər məsələ isə Elektron pul kisələri ilə əlaqədardır.

Məlum olduğu kimi elektron ticarət saytlarında ödəniş əməliyyatlarını həyata keçirmək üçün “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks” və s. kimi internet proqramlardan istifadə edilir.

Elektron pul kisəsini isə əldə etmək üçün isə mütləq qaydada bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin internet səhifəsindən qeydiyyatdan keçilməlisiniz. Qeydiyyatdan keçdikdən sonra, adi ödəniş kartları və bank hesablarından pul kisəsinə istədiyiniz qədər məbləği köçürə bilərsiniz. Daha sonra elektron pul kisəsinə daxil olaraq, onlayn alış-veriş etmək mümkün olar.

Elektron pul kisəsinə hər hansı məbləğdə pul köçürdükdən sonra edilən ödənişlərə nəzarət praktiki cəhətdən qeyri-mümkün olur. Buna görə də, qanunvericiliyə əsasən, vətəndaşlar xaricdə qeydiyyatdan keçmiş qeyri-rezidentə məxsus pul kisəsinə pul köçürdükdə, o pulu istifadə etsələr də, etməsələr də vergi ödəməli olacaqlar.

Qısacası, siz xaricdən alacağınız malı elektron pul kisəsi ilə əldə edəcəksinizsə, bu zaman ƏDV deyil, 10 % miqdarında ödəmə mənbəyində vergi ödəməli olacaqsınız. Bunu isə elektron pul kisəsinə pulu köçürən zaman ödəyəcəksiniz.

Həmin malları elektron pul kisəsinə pul köçürmədən, bank hesabları və ya digər ödəniş vasitələri ilə xaricdən alacaqsınızsa, bu halda heç bir vergi ödəməyəcəksiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et