Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.
Ölkədə son vaxtlar elektromobillərə artan maraq barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, əsas səbəb dünyada alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə tələbatın artmasındadır:
“Elektromobillər dünyada ənənəvi yanacaq materiallarından qaçmağın yollarını axtaran istehsalçılar üçün obyektiv və cazibəli görünür. Elektromobillər günümüzdə ən real və istismara yararlı olan avtomobillər sinfinə aiddir. Birinci növbədə onlar iqtisadi cəhətdən faydalı olan nəqliyyat vasitələri sayılır. Daha az yanacaq sərfi ilə daha çox məsafə qət edib, səmərəli iş əmsalı əldə etmək olar.
İkinci səbəb isə avtomobillərdə komfort elementlərinin nəzərə alınmasıdır. Doğrudur, komfort elementləri bəzən yüksək məbləği avtomobillərdə nəzərdə tutulsa da, artıq elektromobillər də dizayn edilərkən sərnişinlərin rahatlığı üçün müxtəlif detallar tətbiq edilir. Bu da elektromobillərə artan marağın göstəricisi sayılır”.
Azərbaycanda elektromobillərin ölkəyə cəlbi üçün sadələşdirilmiş vergi təyini barədə danışan ekspert qeyd edib ki, bu da əhalinin bu tip nəqliyyat vasitələrinə əlçatımlığını təmin edir:
“Həmçinin, elektromobillər üçün gömrükdə də aksiz vergisi və rüsumlar yoxdur. Sadəcə çox cüzi miqdarda bəyannamə xərcləri və xidmət haqqı var. Hansı ki, daxili yanma mühərrikli avtomobillərdə on minlərlə manatlıq gömrük rüsumu, aksiz vergisi və ya ƏDV olurdu. Lakin hökumət bunların hamısını ləğv edib”.
Bizi sosial şəbəkələrdən izləyin!!