Nihad Mustafazadə: "Alıcılar idxal məhsullarının qiymətləri ilə bağlı “şok”dan ayılmaqdadırlar" | Banco.az

Nihad Mustafazadə: "Alıcılar idxal məhsullarının qiymətləri ilə bağlı “şok”dan ayılmaqdadırlar"

Facemark.az başa çatmaqda olan ilin yerli marketoloqlar üçün nə ilə yadda qaldığını öyrənmək məqsədilə araşdırma edib.

Geyim, qida, avtomobil, inşaat və s. sektorların marektinq departamentində çalışan mütəxəssislər, həmçinin 2018-ci ildən gözləntiləri barəsində də açıqlama veriblər.

“Novco Group of Companies” şirkətinin Marketinq Direktoru Xumar Məmmədbağırova deyib ki, marketoloq kimi mənim üçün 2017-ci il ilk növbədə yeni bir şirkətdə işə başlamağımla yadda qalıb:

“Müştəriyə məhsulu yalnız satmaq hədəfi deyil, satışların ümumi artımı, məqsədli auditoriyanın təklif etdiyimiz markaları daha yaxından tanıması, rəqiblərimizlə sağlam mübarizə, təqdim etdiyimiz markalara müştəri sədaqəti, maraqlı aksiyalar, effektiv reklamlar və s. marketinq departamentimizlə birlikdə ilk gündən qarşımıza qoyduğumuz məqsəd oldu.

Yuxarıda qeyd etdiklərimi geyim sektorunda həyata keçirmək çox çətindir, çünki bazar böyükdür və rəqiblər çoxdur. Amma, biz bir çoxuna nail olub, daha çox istehlakçıda “Mybrands” mağazalarını seçmək və alış-veriş etmək istəyi yarada bildik”.

2018-ci il gözləntilərindən danışan X.Məmmədbağırova bildirib ki, növbəti ildə onlayn və offlayn marketinq arasında olan sərhədlər silinəcək:

“Yalnız marketinq dünyasının bütün cəbhələrində effektiv olanlar uğur qazana biləcək. Son zamanlar bir çox şirkətlər CRM-loyallıq proqramlarına daha çox üstünlük verirlər, müştərinin davranışını daha diqqətlə araşdırıb, təklif irəli sürürlər. Bu rəqabəti daha da çətinləşdirəcək.

İnternet marketinq daha çox inkişaf edəcək ki, bu da mobil marketinqdə müvvəffəqiyyətli olmağa vadar edəcək, çünki insanlar vaxtının çox hissəsini məhz mobil telefonlarda keçirirlər.

Bu gün istifadəçilər daha az oxuyurlar, buna görə də yalnız faydalı məzmun deyil, vizual görüntü ilə də məlumatı çatdırmaq vacib olacaq. Bu da video çarx reklamlarını artıracaq.

Geyim sektoru hər zaman trendləri izləməyə və ona uyğun davranıb təklif irəli sürməyə məcburdur. Bu səbəbdən məni mürəkkəb, amma eyni zamanda maraqlı bir iş ili gözləyir.

Ümumiyyətlə, isə əminəm ki, 2018-ci ildə ölkəmizdə və xaricdə keçirilən forumlar, yiyələnə biləcəyimiz yeni, maraqlı məlumat və biliklər sayəsində bir çox marketoloqlar öz sahəsində uğur qazanacaq!”.

“Mercedes-Benz Absheron”un marketinq meneceri Nihad Mustafazadə bildirib ki, proqnozlarımın əksinə, 2017 ili stabil şəkildə geri qoymaqdayıq:

“2016-ci ildən 2017-ci ilə keçid ərəfəsində növbəti il üçün proqnozum marketinqin daha da geriləməsi ilə bağlı idi. Çünki mənə elə gəlirdi ki, dollar bir az daha bahalaşacaq.

Hazırda tətbiq edilməyən bahalaşma FMCG sektoru qiymətlərə yenidən baxacaq, alıcılıq düşəcək, şirkətlər marketinq büdcələrini kəsəcəklər və s. Bunun əksinə 2017-ni stabil şəkildə geri qoymaqdayıq”.

Mütəxəssis deyib ki, alıcılar idxal məhsullarının qiymətləri ilə bağlı “şok”dan ayılmaqdadırlar:

“Bu da əlavə hərəkətlənmələrə gətirib çıxarmaqdadır. “2017-ci ildə yaranan hansı markaları tanıyırsınız? sualını versəniz, heç şübhəsiz ki, adlarını xatırlamadığım onlarla yeni və daha ucuz taksi xidmətləri, enerji içkiləri və dönərçiləri göstərə bilərəm.

Özümün fəaliyyət göstərdiyim avtomobil sektorunda 2016-cı il ilə müqayisədə daha çox hərəkətlənmə müşahidə olundu. Xüsusilə də ikinci əl avtomobillərin qiymətləri qalxdıqca istehlakçılar yeni avtomobillərin qiymətlərinin məntiqli artımını anlamağa başladılar.

Avtomobil şirkətləri də öz növbəsində kommunikasiya kanallarını inkişaf etdirməyə, büdcələrini artırmağa, servis keyfiyyətini yüksəltməyə, loyallıq proqramları yaratmağa, korporativ sosial fəaliyyətlər həyata keçirtməyə başladılar. Təbii olaraq bu fəaliyyətlər yekun məqsədimiz olan satışlara müsbət mənada təsir göstərməyə başladı.

Məzənnəmizin digər valyutalarla müqayisədə ucuz olması istirahət planlarımızı dəyişməmizə səbəb oldu. Xaricə üz tutmaq baha başa gəldiyindən yerli məkanlara üstünlük verilməyə başlandı. Nəticədə, hotel və restoranlarımıza girişlərin sayı artdı. Əlbəttə ki, şərqdən gələn turist qonaqlarımız da bu məsələdə bizə köməklik etmiş oldular. Turizm şirkətləri əvvəllər vətəndaşlarımızı xarici ölkələrə göndərməklə məşqul olurdularsa, indi artıq “Google Display Networking”, “Adwords tool”ları vasitəsi ilə turistlərə yerli paketlər satmağa başladılar. Bir neçə digital Marketing agentliyi bu istiqamətdə olan inkişafdan söz açdılar”.

N.Mustafazadə 2018-ci il proqnozlarına gəldikdə isə deyib ki, ciddi dəyişikliklər baş verməsə bazarda stabillik davam edəcək:

“O ki qaldı 2018-ci ilə, əgər Gömrük, Vergi siyasəti ilə bağlı çox ciddi dəyişikliklər edilməsə, məzənnədə ciddi fərq yaranmasa bazarın ümumi stabil inkişafının şahidi olacağıq. Bu da öz növbəsində marketingə artıq xərc kimi baxan şirkətlərdə müsbət dəyişikliklərə səbəb olacaq. TV-yə baxanların sayı daha da azalacaq. Bunun tam əksinə digitallaşma mərhələsi sürətlənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətlər də öz növbəsində reklam büdcələrini bir az daha bu sferaya xərcləməyə başlayacaqlar. Bu baxımdan Digital Reklam agentlikləri sevinəcək deyə düşünürəm. Əvvəlki illərlə müqayisədə marketing mütəxəssiləri daha ölçülə bilən vasitələrə üstünlük verməyə başlayacaqlar. Çünki ölçülməyən, rəqəmləşməyən istənilən informasiya söz olaraq qalır. Düzgün proqnoz və optimizasiya üçün daha ölçülə bilən biliklərə söykənmək lazımdır. Güman edirəm ki, həm marketoloqlar, həm də şirkətlər bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirəcəklər. Çünki böhran elə bir dövrdür ki, düzgün hesablamalar səni bazarın liderinə çevirə, səhv-ölçülməyən addımlar isə səni müflis edər.

Ümumi olaraq, bütün həmkarlarıma işlərində düzgün plan-proqnoz, geniş marketinq büdcələri və uğurlu nəticələr arzu edirəm”.

Qida sektorunda ən böyük şirkətlərdən biri olan “Azərsun Holdinq”in Brand Meneceri Ellada Şiriyevabildirib ki, heç şübhəsiz ki 2017-ci il marketinqin yaddaşına son dərəcə intensiv il kimi yazıldı:

“Bazarın dəyişən dinamikaları, istehlakçı alışqanlıqlarının tez-tez yenilənməsi bizi də tam həcmdə aktiv olmağa vadar etdi. Saysız-hesabsız analizlər, araşdırmalar, biznes həlləri və təbii ki, bunun məntiqi davamı olaraq, ciddi, geniş marketinq fəaliyyəti, saysız-hesabsız layihələr, yeni məhsullar, təbii ki, çağımızın reklam bazarındakı bizdən tələb edilən dəşikliklərə görə ümumi işləyiş prinsiplərinə yenidən baxılması prizmasından qaynaqlanan dolu fəaliyyət ili oldu.

Bu ildə istehlakçımıza biraz daha yaxın olmağı bacardıq. İstehlakçımızı daim tanıyan, onun istəklərinə, gözlədiklərinə daha həssas cavab verə bilmək adına AURA markası üçün son dərəcə uğurlu sayılan “Səni özəl edən nədir?” konsepsiyalı reklam filmi kampaniyasını gerçəkləşdirmiş olduq və eyni zamanda sosial media tərəfindən də indiyədək olmadığımız qədər markamızla aktiv olduq.

İstehlakçılarımıza daim yaxın olmaq adına məsuliyyətli layihələrə də imza atmağı unutmadıq. “SUN-la gələcək sağlam olsun” adlı qapıdan qapıya sosial məsuliyyət yönümlü layihəmizlə ölkəmizin ən ucqar, çətin gediləcək rayonlarında yaşayan əhaliyə də maarifləndirmə yönümlü kampaniyalarımızla ilimizi uğurla başa vurduq”.

Şirkətin rəsmisi deyib ki, yeni ildə də daha aktiv marketinq fəaliyyətini davam etdirəcəklər:

“2018-ci ilin sadə, bəsit bir il olacağını düşünmürük, çünkü irəlidə bizi gözləyən layihələr, istehlak bazarında yaranacaq fərqli və yenlənə biləcək mövcud müştəri istəkləri bizi gözləyir. Xüsusən də marketinq tərəfində zamanında müşahidə etdiyimiz dəyişkənlər işığında trend təxminləri var ikən, xüsusi ilə sosial mediadakı aktivliyimizi biraz daha fərqli, digərlərinə bənzəməyən yöntəmlərlə davam etdirməyi düşünürük.

Rəqəmsal marketinq çağının ölkəmizdən yan keçmədiyini nəzərə alaraq, biraz daha iddialı, daha orjinal və özünəməxsus şəkildə qeyd edilən məcraları idarə etməyi planlayırıq. Hər zaman olduğu kimi, dünyada baş verən dəyişikliklərə operativ, düzgün cavab verməyi də mütləq şəkildə hədəfləyərək, effektiv marketinq fəaliyyəti həyata keçirməyi düşünürük”.

“Azgranata Trading and Distribution Company”nin baş direktoru Anar Bayramov isə bildirib ki, 2016-cı ildə biznes mühitimizdə olan total depressiya və qeyri-müəyyənlik 2017-ci ildə tədricən əriməyə başlayıb.

Baş direktor əlavə edib ki, 2018-ci ildə bizneslərimiz daha cəsarətli olacaqlar, marketinq aktivliklərinin artımını müşahidə edəcəyik:

“Rəqabətin artması fonunda şirkətlərimiz yeni, daha effektiv marketinq alətlərinə (inbound marketing, influencer marketing və s.) üz tutacaqlar”.

Şəxsi brending və PR üzrə mütəxəssis Səbuhi İsazadənin fikrincə isə başa çatmaqda olan il ərzində şirkətlər başa düşdülər ki, anti-böhran planları mütləq olmalıdır:

“Azərbaycan Dəmir Yolları”, “Metropoliten” QSC kütlə üçün yadda qalan və innovativ idealar təqdim etdilər. Konsepsiyalarını yerli dibli dəyişdilər. Təlim və seminarların nə qədər səmərəli olduğunu dərk etdilər”.

Onun sözlərinə görə 2018-ci ildə şirkətlər yeni konsepsiyalar üzərində çalışacaq və mütləq rebrending etməli olacaqlar: “Çünki çox geridə qalırlar. Bu mütləqdir və önəmlidir. Həmçinin, əməkdaşlara qarşı da mövqe dəyişəcək. BOSS-lar işə götürdükləri əməkdaşa önəm verəcəklər”.

Ən sərfəli krediti almaq üçün müraciət et