Maliyyə Monitorinqi Xidməti xəbərdarlıq edir | Banco.az

Maliyyə Monitorinqi Xidməti xəbərdarlıq edir

Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılması iqtisadiyyatın müəyyən sahələrinə mənfi təsirlərini göstərməkdədir. Tətbiq edilən karantin rejimi ilə bağlı bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb, bəzi sahələrdə isə fəaliyyət müvəqqəti olaraq dayandırılıb.

Təəssüf ki, müəyyən şəxslər vətəndaşların müvəqqəti çətinliklərindən sui-istifadə etməyə cəhd edirlər. Maliyyə Monitorinqi Xidmətinə daxil olan çoxsaylı müraciətlər göstərir ki, belə hallardan biri də işə düzəltmə adı ilə təqdim olunan xidmətlərdir.

Belə ki, işə düzəltməklə bağlı internet saytlarında yerləşdirilən elanlarda vətəndaşlara şəxsi bank hesablarına müxtəlif məbləğdə vəsait köçürülməsi təklif edilir və bunun müqabilində işlə təmin ediləcəyi vəd olunur. İşə düzəlmək istəyənlər müvafiq vəsaiti həmin şəxslərin və ya onların yaxınlarının adına açılan şəxsi bank hesablarına köçürəndən sonra iş vəd edən şəxslərlə heç bir əlaqə yaratmaq mümkün olmur.

Maliyyə Monitorinqi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu cür xidmətlər üzrə vətəndaşlar davamlı olaraq aldadılır və vəsaitləri qeyri-qanuni yollarla mənimsənilir.

Belə halların qarşısının alınması üçün müvafiq xidmətlər təklif edən fərdi elanlar, həmçinin vətəndaşların etibarından sui-istifadə halları müvafiq dövlət orqanları tərəfindən nəzarətə götürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Monitorinqi Xidməti vətəndaşlara bu cür elanlara etibar etməməyi, iş təklif edən şəxslər və ya şirkətlər haqqında yetərli məlumat toplamağı, şübhəli elanlara rast gəldikdə bu barədə müvafiq banka və hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et