Kredit xəstəliyi: Diaqnoz və müalicə | Banco.az

Kredit xəstəliyi: Diaqnoz və müalicə

Bütün dünya Yunanıstanın kreditorlar ilə necə razılığa gələcəyi və ellin ölkəsinin gələcək taleyi haqqında düşünür.

Azərbaycanda isə kreditlər artıq insanları intihara sürükləyir, kredit bir xəstləlikdir ki, sən onun axırına çıxmasan o, sənin axırına çıxa bilər.

Sadə Azərbaycan əhli çox ciddi bir xəstəliyə tutulub, təəssüf ki, əhalimizin bu xəstəliyə qarşı immuniteti həmişə zəif olub. Getdikcə daha çox insan kredit asılılığına yoluxur və həyatlarını borc içində yaşayır. Bəziləri isə bu yükün altında əzilir və intihara sürüklənir.

Əvvəllər insanlar kreditə daha ehtiyatla müraciət edirdi, adətən mənzil və ya avtomobil, bahalı ev əşyası almaq lazım gələndə kredit köməyə çatırdı. İndi isə bu, daha adi hal alıb, insanlar tez-tez kiçik məbləğli kreditlərlə qazandıqlarından daha çox xərcləyir – istənilən toy, ad gününün təşkili, məişət, geyim, ayaqqabı və s kredit vasitəsi ilə həyata keçirilir.

Xəstəliyin əsas səbəbi

Banco.az portalının direktoru Fərid İslamov məsələ ilə bağlı fikirlərini bizimlə paylaşır:

Mən işimlə əlaqədar demək olar ki, bütün rayonların əksər kəndlərində olmuşam və müsahibələr aparanda görmüşəm ki, kreditlər daha çox biznesə yox, toy, nişan, maşın, qızıla xərclənir. Xüsusən də rayonlarda bu belədir, sadəcə qonşudan geri qalmamaq niyyəti ilə götürülən kreditlər heç bir əlavə dəyər yaratmır. Sonra isə krediti və onun faizini ödəmək çətin, bəzən isə mümkünsüz olur.

Hər kəsin öz həyatı və öz həyat yolu olmalıdır.İnsanlar gərək başqaları nə deyər düşüncəsi ilə yaşamasın. Özünü öldürmək çarə deyil. İndi həmin şəxsin ailəsi krediti ödəməyə məcbur olacaq. Bu çıxış yolu deyil, ailəni və bankları daha da çətin duruma salmaqdır.

Sözsüz ki, banklar da əsasən regionlarda faizləri daha uyğun etməli və insanlara əlavə xərclər yaratmamalıdır.

Xəstəliyin əsas əlamətləri

Elə ki, kredit kartlarınızın sayı 1-dən çox olur, deməli kreditomaniyaya tutulma ehtimalınız yaranıb. Həmçinin krediti bağlamaq üçün başqa kreditə əl atırsınızsa, artıq əlamətlərin daşıyıcısına çevrilmisiniz.

Krediti nəyə sərf edirsiniz? Aylıq geyim-keçimə, dostlarla oturarkən hesab verməyə, hər təzə çıxan telefonu baha qiymətə alıb, sonra yarı qiymətə satmağa? Təəssüf ki, insanlar kreditlə yaşamağa öyrəşib. Devalvasiya isə onsuz da çətin olan vəziyyəti bir az da ağırlaşdırıb.

Ölümcül Borc

Banka küllü miqdarda borcu olduğu iddia edilən Bərdə rayon sakini  Elşad Vaqif oğlu Dadaşov iyulun 9-da çıxış yolunu intiharda görərək həyatına qəsd etmişdir. 23 yaşlı bu gənc özünü Tərtərçay üzərindəki körpüdən asıb.
Hadisədən daha bir neçə gün əvvəl isə Oğuz rayonunda 53 yaşlı Məhəmməd Hüseynov ilkin versiyaya əsasən Beynəlxalq Banka borca görə özünü öldürmüşdü. Onu ölümünə səbəb kimi həmin bankın Oğuz filialının rəhbərini göstərirlər. Lakin hələ ki, cinayət -istintaq işi davam edir.
Cəmi bir neçə ay öncə isə İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar etmişdi
Yaxınlarının bildirdiyinə görə, 2 övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.

Kreditə qarşı məlhəm

Ən sərfəli kredit üçün müraciət et

Psixoloqlar adətən borcluları üç böyük qrupa bölür:

Birinci – məsuliyyətli və nizamlı insanlar, həyatda gözlənilməz hal ilə üz-üzə qalırlar, onlar böyük həvəslə borclarını ödəyərdi, sadəcə bunu necə edəcəklərini bilmirlər. Onlarla işləmək daha asandır, çünki onlar bankirlərdən qaçıb gizlənmir və həll yolunu tapmağa çalışır.   

İkinci — riskə getməyi vərdiş etmiş insanlar. Bu qrup daha çətindir. Ona mənsub olan insanların davranışı, daima dəyişən həyat şəraitindən asılı olacaq. Bu gün o borcunu vermək istəyirsə, sabah yeni kredit götürmək istəyəcək. Bəzən ikinci istək daha güclü olur.

Üçücü qrup – patoloji borcalanlar. Borc içində yaşamağa alışmış insanlar, çox vaxt onların heç borclarını qaytarmaq niyyəti də olmur.

Təəssüf ki, həyatına qıyanlar bu üç qrupun hər birinə aid olan insanlar ola bilər. Müştərilərin psixoloji durumunu qiymətləndirmək imkanı olmayan banklar ən azından müştərinin ödəmə qabiliyyətini və maliyyə nizam-intizamlılığını düzgün qiymətləndirməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi intihar çıxış yolu deyil, hətta sizin həyat sığortanız olsa belə, intihar halında sığorta şirkəti ödənişi etməyəcək. Siz, ailənizi həm də gələcək ümidlərdən məhrum etmiş olacaqsınız. Onları kreditlə yanaşı, sizin yas xərclərinizi də qarşılamaq məcburiyyətində buraxacaqsınız. Həm də onları gələcəkdə təmin edə biləcəyiniz maddi və mənəvi dəstəksiz qoyacaqsınız.

Yaxşısı budur ki, borcdan qurtulmağın başqa yollarını axtarın. Sizdən başqa sizə heç kəs kömək edə bilməz. Lakin bir neçə sadə qaydaları öyrənməkdə fayda var.

İlk növbədə dərk etmək lazımdır ki, kredit borcdur, onu qaytarmamaq olmaz. Kredit müqaviləsinə imza atdığınız andan artıq geriyə yol yoxdur. Həmçinin başa düşün ki, bu heç də bankın sizə maddi yardımı deyil və bank da sizin sayənizdə qazanmağa çalışır. Ona görə də iki dəfə düşünün, bəlkə kredit götürməkdənsə, özünüz qənaət edib, istədiyiniz vəsaiti toplayasınız.

İkincisi, kredit müqaviləsini diqqətlə oxuyun. “Vicdanlı” banklar sadə müştərilərin diqqətsizliyindən və ya maliyyə savadının yetərincə olmaması kimi nüanslardan istifadə edir. Özlərinin hüquqlarını, müştərinin isə öhdəliklərini qabardır. Kredit təcrübəsi olan birindən məsələhət alın.

Üçüncüsü, özünüzü idarəetməyi öyrənin, daima borcla yaşamağa çalışmayın. Yadda saxlayın ki istənilən kredit sizin psixiloji və fiziki durumunuz üçün təhlükə daşıyıcısıdır. Adətən insanlar kiçik bir kredit götürüb, onu rahat ödəyəndən sonra kreditomaniya xəstəliyinə tutulur, bundan sonra borc quyusuna düşür. Həmçinin borcların ödənməsində yaxınlara, dostlara, qohumlara ümid olmayın. Əgər söhbət təkcə sizin pullardan getsə, siz məsələyə daha ciddi yanaşacaqsınız.

Dördüncüsü, əgər mənzil və ya avtomobil krediti götürürsünüzsə, mütləq onları sığortalayın.

Beşincisi, köhnə borcları yeniləri ilə bağlamayın. Bu özünüzü çıxışsız labirintə salmaq kimidir.

Altıncısı, ani kreditləri unudun, hər xırda şeyi kreditlə almayın, məsələn geyim, kosmetika, hədiyyə və s. Belə kreditlərin adətən şərtləri ən sərfəsiz olur. Yaxşı olar ki, onları müəyyən müddət sonra endirimdə olanda və öz pullarınını qazanmış olanda alasınız.

Yeddincisi, əgər hiss edirsinizsə ki, borcun öhdəsindən gəlmirisiniz gizlənməyə çalışmayın. Yaxşı olar ki, banka dərhal müraciət edəsiniz. Sizə problemdən çıxış yolunu təklif edə bilərlər. Əgər kollektorlar sizi bezikdiribsə, onda mütəxəssislərə hüquqşünaslara müraciət edin.

Könül Soltanova, Banco.az