Müəllif: Gülnar Əhmədli, Banco.az
"Banklar Assosiasiyasının Mərkəzi Bankla müzakirələrdən sonra belə bir qərar qəbul etməsinin əsas səbəbi, hesab edirəm ki, vergidən yayınmanın aradan qaldırılmasıdır. Çünki bilirik ki, Vergilər Məcəlləsində bu qadağan edilsə də, sahibkarlar - xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən şəxslər satış zamanı vəsaitin ödənilməsində kartdan-karta (card-to-card) əməliyyatlarından geniş istifadə edirdilər".
Bunu Banco.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
İqtisadçının sözlərinə görə, əslində hökumətin və Mərkəzi Bankın vətəndaşa kartdan-karta əməliyyatlarında hər hansı bir maneə yaratmaq fikri yoxdur: "Müqayisə üçün deyim ki, bir ödəniş vasitəsi üzrə aylıq 20 000 manat məhdudiyyət, yəni maksimal limit qoyulub. Vətəndaşın gəlirləri nə qədərdir ki? Ölkədə, hətta Bakıda belə, orta aylıq əməkhaqqı 1 100-1 200 manat arasındadır. Altı aylıq statistikaya baxanda vətəndaşların nominal gəlirləri adambaşına təqribən 800 manata gəlib çatıb. Burada həm əməkhaqqı, həm də digər gəlirlərdən söhbət gedir.
Həmçinin oxu: Kartdan-karta köçürmələrdə limit məsələsinə aydınlıq gətirilib
Tutaq ki, bir ailədə iki böyük, iki uşaq var. İki böyük şəxsi götürsək, bir ailənin orta ümumi gəlirləri aylıq 3 200-3 300 manatdan çox deyil. Banklar Assosiasiyasının razılaşmasına görə isə bir kart üzrə 20 000 manat maksimal ödəniş limiti qoyulub. Yəni bir ailənin gəliri nə qədərdir ki, bu limit onların kartdan-karta əməliyyatlarına mane olsun?".
X. Kərimli qeyd edib ki, təbii ki, buradakı məqam sırf vergidən yayınmanın qarşısının alınmasıdır: "Vergidən yayınmanın qarşısının alınması ilə Dövlət Vergi Xidməti məşğuldur. Lakin limitlərin müəyyənləşdirilməsi profilaktik xarakter daşıyır. Biri var ki, hadisələr baş versin, sonra onun arxasınca düşüb aydınlaşdırmağa çalışsınlar, mübahisələr və ya aydınlaşdırmalar yaranasın. Bu kontekstdə bəzən görürdük ki, heç bizneslə məşğul olmayan vətəndaşların da kartları və hesabları dondurulurdu, müxtəlif problemlər ortaya çıxırdı.

Buna görə də hökumət belə qərar qəbul edib. Bir ödəniş vasitəsi üzrə (bir bank və ya fintech aləti üzrə) gün ərzində 5 dəfəyə qədər əməliyyat limitinin qoyulması da göstərir ki, hökumət vətəndaşın xidmətlərə və nağdsız əməliyyatlara olan marağını aşağı salmağı nəzərdə tutmur, bütün imkanları yaradıb. Hətta görürük ki, indi kiçik məbləğlər, məsələn, valideynlə uşaqlar arasındakı kartdan-karda köçürmələr geniş yayılıb - bunlara da hökumət tərəfindən hər hansı bir maneə yaradılmır. Bir kart üzrə gün ərzində 5 əməliyyat, aylıq limit isə bir ödəniş vasitəsi üzrə 20 000 manatdır. Bir neçə ödəniş vasitəsi olsa, bu rəqəmin haraya qədər yüksələcəyini nəzərə alın. Yəni bu aspektdə vətəndaş və ya ailə üçün hər hansı bir problem yoxdur. Hətta deyərdim ki, maksimal limitlər götürülüb ki, vətəndaşların nağdsız əməliyyatlara marağı azalmasın və nağd ödənişlərə qayıdış olmasın".
İqtisadçı bu qərarın nağdsız ödənişlərin qarşısını alacağını düşünmür: "Burada əsas məsələ qumar və mərc ödənişlərində, həmçinin vergidən yayınmada ciddi rol oynamaqdır. Çünki vergidən yayınmaq istəyənlər, qanunsuz mərc əməliyyatları, ödənişlər geniş şəkildə kartdan-karta əməliyyatlarından istifadə edirdilər.
Mərkəzi Bankın və Banklar Assosiasiyasının əsas məqsədi bu cür qanunsuz əməliyyatların və vergidən yayınmanın qarşısını almaqdır. Bu, birbaşa cəmiyyətin və vətəndaşın xeyrinə olan məsələdir. Vergidən yayınanlar və qanunsuz mərc oyunları təşkil edənlər üçün isə bu, əlavə bir maneədir. Zatən bu fəaliyyətlərin və vergidən yayınmanın düzgün olmadığı cəmiyyət tərəfindən qanunvericilik aktları ilə təsbit edilib.
Ona görə hesab edirəm ki, bu məhdudiyyət kifayət qədər düzgün və hətta gecikmiş bir addımdır. Sahibkarları da dəvət edirəm ki, qanunsuz sahibkarlıq fəaliyyətindən çəkinsinlər və vergidən yayınmanın həcmini azaltsınlar.
Çünki vergi orqanları bu kartdan-karta əməliyyatlarını müəyyənləşdirdikdən sonra Maliyyə Monitorinqi Xidməti ilə birlikdə ciddi başağrısı yaranırdı. Limitlərin qoyulması ilə buradakı dövriyyənin həddi də aşağı çəkilir. Eyni zamanda, söhbət təkcə inzibati məhdudiyyətlərdən getmir, vergidən yayınmaya görə ciddi maliyyə sanksiyaları da mövcuddur".
Bizi sosial şəbəkələrdən izləyin!!
