Tramp: "Venesuela ilə dünya tarixində ən böyük neft razılaşmasına nail olduq" | Banco.az

Tramp: "Venesuela ilə dünya tarixində ən böyük neft razılaşmasına nail olduq"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp öz sosial media hesabında ölkəsinin Venesuela ilə  neft müqaviləsi imzaladığını açıqlayıb.

Banco.az xəbər verir ki, dövlət başçısı bu razılaşmanı "dünya tarixinin ən böyük neft sazişi" kimi dəyərləndirib.

Trampın sözlərinə görə, proses çərçivəsində ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset onun birbaşa təlimatı ilə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq ediblər.

Prezident vurğulayıb ki, Vaşinqton özəl sektorla tərəfdaşlıq sayəsində dövlət büdcəsindən əlavə vəsait xərcləmədən Venesuelada təsdiqlənmiş 65 milyard bareldən çox neft ehtiyatına nəzarəti təmin edib. Bu addımın ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracağını qeyd edən Tramp razılaşmanı "inqilabi" addım adlandırıb: "Bu razılaşma neft tədarükümüzü əhəmiyyətli dərəcədə artıracaq, Venesuelanın böyük uğur və rifaha çatmasına kömək edəcək. Eyni zamanda, bütün amerikalılar üçün benzin qiymətlərini uzunmüddətli dövrdə nəzərəçarpacaq dərəcədə aşağı salacağıq."

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez də rəsmi şəkildə neft razılaşmasının əldə olunduğunu təsdiqləyib.