İqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahnemandan maraqlı fikirlər | Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahnemandan maraqlı fikirlər

2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahneman 7 oktyabr 2019-cu il tarixində Moskvada forumda çıxış edib. 

Psixoloq Daniel Kahneman və onun həmkarı Amos Tverskinin tədqiqatlarına qədər belə hesab olunurdu ki, maliyyə bazarlarında və iqtisadi həyatda insanlar mənfəətə və rasional düşüncəyə əsaslanaraq qərarlar qəbul edirlər. Lakin Kahneman və Tverski əksini sübut etdi. Onlar bu qənaətə gəldilər ki, hər hansı birinsan məntiqə söykənərək qərar vermiş kimi görünsə də əslində o, irrasional qərar verir. 

Psixologiya, zehniyyət, qeyri-müəyyənlik və təsadüfi rasionallığın iqtisadiyyat sahəsinə girməsinə vəsilə olan Kahneman buna görə 10 dekabr 2002-ci ildə Nobel mükafatına layiq görülüb. 2011-ci ildə Kahneman «Yavaş düşün… Cəld qərar ver» bestsellerində 2 tip düşüncə tərzi haqqında yazır. Birinci tip cəld, intuitiv düşüncə (məsələn, neçə illik sürücülük təcrübəsi olan birinin maşın sürməsi), ikinci tip uzun çəkən, enerji tələb edən düşüncədir. 

Kahnemanın fikrincə, çətin situasiyalarda insan 1-ci sistemin tələsinə düşür və irrasional qərarlar verir. Psixoloq kitabda intuisiyanın 7 tələsindən bəhs edir. O, qeyd edir ki, yaxşı əhval-ruhiyyədə olarkən insan məntiqi səhvlər etməyə daha meyllidir. Başqa bir yanlış isə odur ki, bizə daha tanış gələn yol daha doğru üsulmuş kimi görünür. 

Forbes 85 yaşlı alimin MTT Forum çərçivəsində etdiyi çıxışın ən yaddaqalan məqamlarını açıqlayır. 

Fokus illüziyası 

Haqqında düşündüyüz şey sizin üçün çox vacib olur. Amma əslində bu, sizin düşündüyünüz qədər vacib deyil. Bu, yalnız ona görə vacibdir ki, siz bu barədə düşünürsünüz. Bu effekt «fokus illüziyası» adlanır. Bu sistem böyüdücü güzgü kimi işləyir. Məsələn, ABŞ-da hər kəs düşünür ki, Kaliforniyada yaşayanlar daha xoşbəxtdir, çünki oranın iqlimi yaxşıdır. 

Özünəinam tələsi 

Mən tövsiyə edərdim ki, ifrat özünəinam duyğusundan ehtiyat edəsiniz. Bu, bir çox səhvlərə səbəb olur. Statistikaya görə, özünə həddən artıq güvənənlər uğursuz insanlardır. Onların cüzi hissəsi uğur qazanır. Məsələn, insanlar ilk şirkətlərini quranda onlardan soruşurlar ki, onların biznesinin uğurlu olmaq ehtimalı necədir və çoxu 80-90% faiz deyir. Baxmayaraq ki, kiçik biznesdə şirkətlərin yarısı bir neçə il ərzində bağlanır! Bu, səhv planlaşdırmanın nəticəsidir. Siz 80%-ə inanırsınız və uğursuzluğa düçar olmuş şirkətlərin statistikasını nəzərə almırsınız. 

Pessimistlər  qadınlar 

Bir komandada məhsuldar bir pessimistin olması zəruridir. Heç kim tənqidçilərivə pessimistləri sevmir. Amma onları müdafiə etmək lazımdır. Lidersənsə, onları qorumalısan. Çünki bu tip əməkdaşlar fəlakət barədə xəbərdarlıq edə bilərlər. 

Qadınlar və kişilər fərqli düşünür, bu, həqiqətdir. Kişilər qadınlardan daha çox özünəinamlıdırlar. Qadınların kişilərə nisbətən daha yaxşı investisiya qoyduqları faktı da məlumdur. Çünki detallara qarşı daha diqqətli olurlar və yekun nəticələridə daha yaxşıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Yaddaş və təcrübə 

Təsəvvür edin ki, məzuniyyətə getməyə hazırlaşırsınız və sizə deyirlər ki, siz qayıdanda bütün səyahət şəkillərinizi siləcəklər, sizə nəsə edəcəklər və sizin yaddaşınızdakı tətil xatirələri yox olacaq. Sual: Bu vəziyyətdə tətilə gedərdinizmi? Yox. Çünki xatırlamayacağınız məzuniyyət sizə lazım deyil. 

Biz nəyisə planlaşdıranda bunu prosesin özü və ya təcrübə üçün deyil, xatirə üçün edirik. Odur ki, sizin “xatırlayan mən”iniz qərarlarınızı idarə edir. Sizin xatırladığınız şeyləri ən vacib hesab edirsiniz. Keçmiş təcrübəyə əsaslanan bütün fəaliyyətimiz belə təşkil olunub. Yaddaş üçün təcrübənin intensivliyi önəmlidir, hər şey pik və son məqamlarla müəyyən edilir və müddəti vacib deyil. Bu xüsusiyyətdən reklamda məharətlə istifadə olunur. 30 saniyəlik reklam 3 saniyəlik reklamdan daha efektiv deyil. Şirkətlər məhsul və xidmətlər yaradarkən “xatırlayan mən”ə diqqət yetirirlər. Çünki müştərinin yadda saxladıqları onun sonrakı davranışlarını müəyyənləşdirir. 

Süni intellekt 

Əgər insanın mühakimələrini və hətta sadə bir riyazi modelin mühakimələrini müqayisə etsək, riyazi modelin insandan daha üstün olduğu açıq-aşkar görünər. Problem səs-küydür, insanlar çox səs-küylüdürlər. Eyni bir hərəkəti bir adam hər dəfə fərqli şəkildə edir. 

Süni intellekt hər hansı bir xəstəliyin mövcud olduğunu ən yaxşı həkimdən daha tez aşkarlayır. Bir çox sahədə bu, belədir. Süni intellektin hesabına bir sıra problemlərin həlli qat-qat keyfiyyətli olacaq. Məsələn, sınaq keçirilmiş və məlum olmuşdur ki, süni intellekt-hakim daha ədalətli qərarlar verir. 

İnsanlar subyektivdir. Əgər hakim acdırsa, hökm daha sərt olacaq, əgər tox və məmnundursa, hökm nisbətən yüngül olacaq. Həkimlər antibiotikləri gündüzlər daha çox yazır, nəinki səhər. Çünki səhər həkimlər daha gümrah olurlar, günorta isə artıq yorulmuş olurlar və daha ağır dərmanlar yazırlar. 

Sosial şəbəkələrin təsiri haqqında 

Sosial şəbəkələrin əsas problemi siyasi məsələlərdir. Soaial şəbəkələrdə xəbər nə qədər ekstremaldırsa, bir o qədər çox tövsiyə olunanlar siyahısına düşür. Ona görə də biz liberallıq və ya konservativlik kimi təfərrüatlara getməyə başlayırıq. Nəticədə cəmiyyət təbəqələrə ayrılır. Halbuki siz ağ, yaxud qara deyilsiniz, bunların arasında bir yerdəsiniz, lakin sosial şəbəkələr sizin özünəməxsus mövqeyinizi zədələyir. 

Fikrin dəyişməsi 

İnsan təbiəti dəyişmir, yalnız vaxtı necə keçirtməyimiz dəyişir. İnsanların diqqətlərini cəmlədikləri sürət dəyişir. Deyilənə görə, bu, bizdə təxmini qızıl balıqdakı kimidir: bizdə 5 saniyə, qızıl balıqda isə 6 saniyədir. Hər şey hara gedir, bilmirəm. 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç