Banco.az "APA"ya istinadən, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin müsahibəsini təqdim edir.
- Mərkəzi Bankın ödəniş sistemləri sahəsində əsas layihələrindən biri də vergi, rüsum və bu kimi büdcə ödənişlərinin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalının yaradılmasıdır. Bu portalın yaradılması zərurəti nədən irəli gəlmişdir və elektron ödəniş xidmətlərinin inkişafı baxımından əhəmiyyəti nədir?
- Mərkəzi Bankın fəaliyyətində ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsi və ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması yüksək prioritetli istiqamətlərdəndir. Bu sahədə görülən işlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalının yaradılmasıdır.
Dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunmuşdur.
Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 300-dən çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) "Azərpoçt" MMC-nin və 40-dan çox bankın 1800-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılmışdır.
Hökumət Ödəniş Portalının əsas üstünlüklərindən biri də odur ki, aparılan ödənişlər üzrə büdcə və digər ödənişlərin rekvizitləri (büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu, büdcə təşkilatının kodu və büdcə ödənişlərinin toplanılmasını həyata keçirən müvafiq dövlət qurumunun VÖEN-i və s.) avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş haqqında məlumatlara əlavə edilir. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi təmin edilir. Hökumət Ödəniş Portalı vasitəsilə aparılan hər bir ödəniş haqqında məlumat real rejimdə büdcə ödənişlərinin toplanılmasını həyata keçirən müvafiq dövlət orqanlarının, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin və ya müvafiq kütləvi xidmət müəssisəsinin (kommunal və rabitə xidməti təşkilatları) daxili informasiya sisteminə ötürülür. Bu isə daxilolmalar üzrə uçotun avtomatlaşdırılmasını və şəffaflığı təmin edir.
2015-ci ilin yeddi ayı ərzində sistemdə ümumi məbləğ 793,5 mln. manat olmaqla, 16,1 mln. ədəd ödəniş tranzaksiyası emal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi 26.5% (210 mln. manat), əməliyyatların sayı isə 6% (0,96 mln. ədəd) artmışdır.
Hal-hazırda, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər üzrə ödənişlərin HÖP vasitəsilə qəbul olunması və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” informasiya portalının bu infrastruktura inteqrasiya olunması istiqamətində intensiv işlər aparılır. Eyni zamanda, dövlət tədris müəssisələrində pullu təhsil alan tələbələrin ödənişlərinin mərkəzləşmiş qaydada HÖP infrastrukturundan istifadə edilməklə toplanılması üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərilir.
- Qeyd etdiyiniz kimi, Milli Ödəniş Sisteminin inkişafı ölkənin maliyyə sabitliyi və təhlükəsizliyi baxımından olduqca vacibdir. Son dövrlərdə qlobal iqtisadiyyatda xüsusilə Rusiyada baş verən proseslər ölkənin ödəniş sisteminin müstəqilliyini və təhlükəsizliyini labüd edib. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə hansı qabaqlayıcı işlər görüb və gələcəkdə bu kimi təhlükələrə qarşı hansı planları var?
- Yaradılmış Milli Ödəniş Sistemi infrastrukturunun sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi ilə yanaşı, onun nüvəsini təşkil edən əsas komponentlərin beynəlxalq aləmdə ödəniş sistemləri sahəsində, həmçinin informasiya texnologiyaları nailiyyətlərinin tətbiqi istiqamətində baş verən yeniliklər nəzərə alınmaqla inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda qlobal iqtisadiyyatda baş verən proseslər izlənilir, ödəniş sistemlərinin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsidir. Layihə çərçivəsində görülən işlər nəticəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi beynəlxalq infrastrukturlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan Lokal Telekommunikasiya Şəbəkəsi üzərindən də fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda sistemdə informasiya təhlükəsizliyinin təmin olunması üçün artıq Mərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzinin” xidmətlərindən istifadə olunur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Milli Ödəniş Sisteminin əsas komponentinin fəaliyyətinin müstəqilliyi və təhlükəsizliyi tam təmin olunmuşdur.
Layihənin növbəti mərhələsində Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin funksional imkanları təkmilləşdirilərək beynəlxalq praktikada geniş istifadə olunan birbaşa debitləşmə ödəniş aləti ilə ödəniş əməliyyatlarının aparılması imkanı yaradılacaq, informasiya təhlükəsizliyinin təmin olunması isə milli məhsullardan istifadə olunmaqla təmin olunacaqdır. Bu tədbirlərlə yanaşı, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankın ehtiyat mərkəz infrastrukturu müvafiq standartlar əsasında təkmilləşdiriləcəkdir.
Digər tədbir isə ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsinin təmin olunması məqsədilə həyata keçirilən “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılması layihəsidir. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılacaqdır və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcəkdir.
Qeyd olunan hər iki layihənin realizasiyası ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.