Elman Rüstəmov: "Hazırda bazar bankların deyil, borcalanların bazarıdır" | Banco.az

Elman Rüstəmov: "Hazırda bazar bankların deyil, borcalanların bazarıdır"

E.Rüstəmov qeyd edib: "Biz istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması üzrə banklarla danışıqları davam etdiririk. Bankların bunun üçün bütün zəruri imkanları var. Hesab edirəm ki, bank sektoru da bunu anlayır. Kommersiya bankları əhaliyə daha açıq olmalı və kreditləşmənin şərtləri və borcların həqiqi dəyəri üzrə ətraflı məlumat verməlidirlər".

AMB ötən ilin sonunda banklardan istehlak kreditlərinin verilməsi üzərində nəzarəti sərtləşdirməyi tələb etmişdi. Tənzimləyici ölkədə fəaliyyət göstərən banklara borcalana iş yerindən arayış təqdim etmədən kreditlərin verilməsini dayandırmaq təlimatı ilə bağlı məktub göndərmişdi.

AMB sədri vurğulayıb ki, söhbət kreditlərin verilməsi qaydalarının sərtləşdirilməsindən deyil, tənzimlənməsindən gedir: "Son illər bank sektoru çox yüksək artım tepmlərinə (təqribən 30-33 faiz) nail olub. Bu dinamika milli iqtisadiyyatın artım tempini ümumilikdə 5-6 dəfə, qeyri-neft sektorunun inkişaf dinamikasını isə 3-4 dəfə üstələyir. Araşdırmalarımız göstərdi ki, bu artımın əsas drayveri biznes kreditləri deyil, istehlak və avtomobillərin alınması üzrə kreditlər olub".

O xatırladıb ki, 2008-ci ildə baş vermiş dünya maliyyə böhranı müəyyən mənada Azərbaycana da toxundu: "Biz hesab edirik ki, bank sektorunun belə "qızma"sı yaxşı göstərici deyil. Bu, "maliyyə köpüyü"nün yaranmasına səbəb ola bilər ki, bu da bütün maliyyə sisteminə, ilk növbədə, əhali və səhmdarlarının əmanətlərinə təsir edəcək".

AMB sədri deyib ki, bununla əlaqədar olaraq tənzimləyici geniş müzakirələrdən sonra bazarın "soyudulma"sı üzrə tədbirlər görmək qərarına gəldi: "Bizim əsas tələblərimiz inzibati deyil, iqtisadi xarakter daşıyır və bu, verilmiş kreditlər üzrə daha ciddi ehtiyat yaratmaya aiddir. Bundan başqa, borcalanların şəxsiyyəti və gəlirlərinin səviyyəsi üzrə siyasət dəqiqləşdirildi. Belə təcrübə bütün dünyada geniş tətbiq olunur: banka kredit üçün müraciət edən borcgötürən krediti ödəmək qabiliyyətini, sabit gəlirinin olmasını təsdiq etməlidir. Tənzimləyici, həmçinin risklərin azaldılması naminə avtomobil almaq üçün kreditləşmənin şərtlərini dəyişdi".

Ən sərfəli kredit üçün müraciət et

AMB sədri hesab edir ki, tənzimlənmənin sərtləşdirilməsi müsbət nəticələr verdi: "Cari ilin I rübündə istehlak kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, bəzən isə 3 dəfəyə kimi az templərlə artmağa davam etdi. Avtomobil kreditləşməsinə gəlincə, burada xeyli azalma müşahidə edirik. Xüsusilə, bu, köhnə avtomobillərə aiddir. Hesab edirəm ki, bu, bank ictimaiyyəti və əhalinin marağına xidmət edir".

Onun sözlərinə görə, AMB tələbləri dəyişməklə bank və əhaliyə ilkin olaraq məlumat verdi ki, daha balanslaşdırılmış addımlar atmaq lazımdır: "Tənzimləyici bazarın liberallığından, təkliflərin həcminin kifayət qədər olmasından və krediti daha asan almaqdan məmnundur. Lakin bu o demək deyil ki, əhali banklarda gəlirlərindən çox resurslar saxlamalıdır, banklar isə həddən artıq maliyyə risklərini üzərilərinə götürməlidirlər. Hesab edirəm ki, atılmış addımlar bazarda tarazlığı bərpa edəcək. Əvvəllər borcalanlar üzərində nəzarət daha yumşaq idi, buna görə də kreditlər daha yüksək faizlə verilirdi. İndi isə bazarda qalan müştəriləri əsl müştəri, krediti ödəmək qabiliyyətində olanlar kimi xarakterizə etmək mümkündür. Ümumilikdə bazar bankların bazarı idi, hazırda isə məhsulların daha geniş seçiminə malik müştərilərin, borcalanların bazarına çevrilir. Güclənən rəqabətin artımı faiz dərəcələrinin azalması tendensiyasına səbəb olub".

Mənbə: milli.az