2 milyon dollarlıq evin sahibi 7 dollarlıq biletlə müəyyənləşəcək – Lotereya | Banco.az

2 milyon dollarlıq evin sahibi 7 dollarlıq biletlə müəyyənləşəcək – Lotereya

Müəllif: Gülnar Əhmədli, Banco.az

İngiltərənin Hertfordshire şəhərində yaşayan Daniel və Lauren Leigh cütlüyü beş yataq otaqlı evlərini ənənəvi şəkildə satmaq əvəzinə, lotereya yolu ilə yeni sahibinə vermək qərarına gəlib. Cütlük əldə edəcəkləri gəlirlə iki azyaşlı övladı ilə birlikdə bir il ərzində dünyanı gəzməyi planlaşdırır.

Bu qərar ABŞ-yə səfərdən sonra formalaşıb. Daniel Leigh evlərini lotereya yolu ilə satan ailələri gördükdən sonra eyni üsulu öz evlərində də tətbiq etmək qərarına gəlib. Cütlük bildirir ki, məqsədləri böyük qazanc əldə etmək deyil, bütün xərcləri qarşılamaq və ailələri ilə yeni həyat təcrübələri yaşamaqdır.

Hertfordshire-də yerləşən evin dəyərinin təxminən 2 milyon dollar olduğu bildirilir. 207 kvadratmetr sahəyə malik evin geniş bağı, açıq planlı mətbəx və qonaq otağı, idman zalı və ev ofisi var.

Cütlük lotereya biletlərini 7 dollara satışa çıxarıb və vergi, hüquqi xərclər, səyahət və mükafatın qarşılanması üçün təxminən 550 min bilet satmağı hədəfləyir. İlin sonunda keçiriləcək lotereyanın qalibi evin sahibi olacaq və əlavə olaraq xərclərini qarşılamaq üçün 45 min dollar nağd pul əldə edəcək.

Lotereyadan əldə olunan gəlirin bir hissəsinin isə məişət zorakılığından zərər çəkənlərə dəstək göstərən xeyriyyə təşkilatına bağışlanacağı bildirilir.

Lauren Leighin uşaqlıqda keçirdiyi sağlamlıq problemi də ailənin bu qərarında rol oynayıb. O, həyatın yalnız işləmək və gündəlik rutinlərdən ibarət olmadığını, yeni təcrübələr yaşamağın və daxili rahatlıq tapmağın vacib olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram