Depozitlər: Növləri və xüsusiyyətləri | Banco.az

Depozitlər: Növləri və xüsusiyyətləri

Depozit və ya bank əmanəti –  əmanətçi ilə bank arasında imzalanmış müqavilə ilə müəyyən olunan müddətə və faiz dərəcələri müqabilində hüquqi və ya fiziki şəxslərin (əhalinin) bankda yerləşdirdiyi sərbəst pul vəsaitidir. Nəticədə bank bu pulları dövriyyəyə buraxır, onları kredit şəklində istifadə edir, əmanətçilər isə öz pul vəsaitlərindən  istifadə etməyə imkan verdikləri üçün bankdan razılaşdırılmış civarda faiz əldə edirlər. Bir qayda olaraq iqtisadçılar depozitləri müddətinə, faizlərin hesablanmasına, vəsaitin çıxarılması və əlavə edilməsi imkanlarına görə müxtəlif növlərə ayırırlar.

İlk növbədə depozitlər müddətli və tələbli olaraq iki yerə ayrılır:

Müddətli depozitlər

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

Tələbli depozitlər:

Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).

Müddətinə görə əmanətlərin təsnifatı

Müddətinə görə əmanətlər "qısamüddətli" "uzunmüddətli” əmanətlərə bölünür. Qısamüddətli depozitlərin qüvvədə olma müddəti adətən 6 ayı ötmür, uzun müddətlilər isə bir neçə ili, hətta onillikləri də əhatə edə bilər. Qeyd etmək lazımdır ki, adətən depozitin müddəti nə qədər çox olarsa, hesablanan faizlər də daha yüksək olmalıdır. Daha bir vacib məqam isə odur ki, müqavilənin müddəti başa çatarsa və əmanətçi nə əsas məbləği, nə də ona hesablanmış faizləri götürməyə gəlməzsə, onda əmanətin müddəti avtomatik olaraq eyni şərtlərlə uzadılır, təbii ki, əgər müqavilədə xüsusi hallar nəzərə alınmayıbsa.

Depozit məbləğinin artırılması imkanı

Məbləğin artırılması imkanlarına görə depozitlər yığım əmanətlərinə (artırıla bilən) və standart (klassik, artırıla bilməyən) əmanətlərə bölünür. İkinci halda hər şey açıq-aydındır, əmanəti heç bir halda artırmaq mümkün deyil.

1. Yığım əmanətinin artırıla bilən məbləği ilə bağlı məhdudiyyət ola bilər

Məsələn minimum məbləğ 100 AZN; kassadan artırdıqda 100; cash in aparatı ilə artırdıqda 50 AZN; minimum 5 və ya 50 AZN; həmçinin maksimim məbləğlə bağlı məhdudiyyətlər: əmanətin ilk məbləğinin 2 və ya 3 mislindən çox olmamalı; məsələn 500 AZN-lə açılmış əmanəti, siz növbəti ayda 1500 AZN artıra bilməzsiniz).

Ən sərfəli kredit üçün müraciət et

2. Əmanətə edilən əlavələrin sayı ilə bağlı

Ayda 1 dəfədən çox olmamaq şərti ilə; ildə 8- dəfədən çox olmamaq şərti ilə, ayda minimum 1 dəfə olmaq şərti ilə və ya heç bir məhdudiyyət qoymadan

Pul vəsaitlərinin çıxarılması imkanına görə depozitlərin təsnifatı

Hesabdan vəsait çıxarmaq imkanına görə depozitlər tələbli, müddətli və minimal qalıqlı depozit növlərinə bölünür. Onların hər birinin öz üstünlük və çatışmayan tərəfləri vardır. Sizə qısa da olsa bu haqda məlumat verəcəyik:

Tələbli depozitlər – bu ən aşağı faiz dərəcəsi ilə olan depozit növüdür, mahiyyət etibarı ilə siz sadəcə pulunuzu saxlamaq üçün banka ötürürsünüz, lakin bu zaman siz bankda depozit qutusunu kirayələmir və onun haqq ödəmirsiniz, həmçinin cüzi də olsa bankdan öz vəsaitlərinizi istifadə etməyə imkan verdiyinizə görə faizlər qazanırsınız.

Əsas üstünlüyü – sözügedən depozit növünün əsas üstünlüyü tələb olunan məbləği istənilən zaman heç bir məhdudiyyət olmadan depozitdən çıxarmaq imkanıdır .

Müddətli depozit  - əmanətçilər üçün ən sərfəli depozit növüdür, bu zaman bank əmanətçiyə maksimal faiz dərəcəsi təklif edir.  Amma bu halda əmanətçi lazımı məbləği heç bir faiz itkisi olmadan istənilən an hesabdan çıxarmaq imkanına mail olmur (götürdüyü müddətdən asılı olaraq faizlər tamamı ilə və ya qismən itirilə bilər). 

Minimal azaldıla bilməz qalıqlı depozitlər – bu kombinasiya edilmiş formadır, tələbli və müddətli depozit arasında orta mövqeyə malikdir. Bir qayda olaraq, belə bir depozit məhsulundan istifadə zamanı əmanətçi hesab açır və yerləşdirdiyi depozit məbləğinin  müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində hesabdan çıxara bilməz (əks təqdirdə o ya faizləri itirir, ya da ona tələbli depozitlər üzrə faizlər hesablanır ki, bu da çox cüzi məbləğ edir.

Məsələn 50min AZN depozit yerləşdirmisiniz, onun 20 mini azaldılmaz qalıqdır, hesabınızda 30 minə qədər pul çıxara bilirsiniz, heç bir cərimə və sanksiya ilə üzləşmirsiniz, faizlər isə hesabda qalan məbləğə hesablanır, onları rüblük ala bilərsiniz və ya faizlərin kapitallaşmasından istifadə edə bilərsiniz.

Depozit faizlərinin hesablanması ilə bağlı məlumatı isə aşağıdakı linkdən əldə edə bilərsiniz. 

Depozit üzrə faizlərin hesablanması- sadə faizlər

Depozit üzrə faizlərin hesablanması – mürəkkəb faizlər

Ən sərfəli krediti almaq üçün müraciət et