Avrozonada pərakəndə satışlarda illik artım 9 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Avrozonada pərakəndə satışlarda illik artım 9 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyun ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, həm Aİ-də, həm də Avrozonada pərakəndə satışlar iyun ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Pərakəndə satışlara illik əsasda baxıldıqda da həm Aİ-də, həm də Avrozonada 3,1 faizlik artım qeydə alınıb. Həmçinin, iyun ayında Avrozonadakı illik artım son 9 ayın ən yüksək göstəricisi olub.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların Avrozona üçün orta gözləntisi satışların aylıq əsasda 0,3 faiz, illik əsasda isə 2,6 faiz artacağı şəklində idi.

Aİ ölkələri arasında iyun ayında pərakəndə satışların aylıq əsasda ən çox artdığı ölkələr sırasıyla 10 faizlə Şimali Makedoniya, 3,6 faizlə Xorvatiya və 2,6 faizlə İsveç olub. Aylıq satışların ən çox azaldığı ölkələr isə Fransa, Sloveniya və Polşa kimi qeydə alınıb.

Pərakəndə satışların illik əsasda ən çox artdığı ölkələr isə sırasıyla 13,1 faizlə Şimali Makedoniya, 8,7 faizlə Kipr və 7,4 faizlə Xorvatiya olub. Satışların azaldığı ölkələr isə sırasıyla Finlandiya və Slovakiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram