Təbii ki, banka əmanəti yerləşdirdiyiniz zaman sizi ən çox düşündürən məsələ əmanətin gəlirlik səviyyəsidir. Yəni illik faiz və müddətdən asılı olaraq əldə etdiyiniz qazanc.
Amma işinizi hər zaman daha etibarlı tutmağa dəyər. Bu baxımdan əmanət yerləşdirəcəyiniz bankı seçərkən onun bağlanmaq ehtimalını, ən azından mənfəət və ya zərərlə işlədiyini, məcmu kapital tələbini yerinə yetirib yetirmədiyini aydınlaşdırın.
Elə ki, bu məsələ ilə bağlı heç bir şübhəniz qalmadı, onda diqqət yetirməli olduğunuz növbəti məqamlar bunlardır.
- Əmanəti onlayn artırmaq və idarə etmək imkanı (internet bankinq və ya ayrılıqda “depozitin onlayn artımı”)
- Əmanətin “Cash in” cihazları və ödəniş terminalları ilə artırılması imkanları.
- Əmanəti girov qoymaqla verilən kreditin şərtləri (kredit faizləri əmanət faizlərindən neçə faiz yüksək olur, əmanətin neçə faizi qədər kredit verilir).
Adətən yığım əmanətində faizlər müddətin sonunda əsas məbləğlə birlikdə götürülür. Çünki bu məhsul məhz məbləğin artımına hesablanır.
Yüksək faizli əmanət məhsullarında isə siz əsasən faizlərə diqqət yetirirsiniz. Faizlərin aylıq və ya rüblük, həmçinin illik əldə etmək şansları vardır. Müddətin sonunda götürülən depozitlə müqayisədə faizlər aylıq və ya rüblük verildikdə illik faiz miqdarı daha aşağı olur.
- Bu zaman faizlərin toplanması üçün ayrılıqda kart hesabı açılır və faizlər bank tərəfindən sizə təqdim olunmuş karta köçürülür. Sizin, kart vasitəsi ilə faizlərdən istifadə etmək imkanınız olur.
- Bu, əmanət məbləği yüksək olan müştərilərə daha çox sərf edir.
- Belə məbləği yerləşdirərkən mütləq depozitin sığortalı olmasına, faizlərin kart hesabına köçürülməsinə diqqət edin.
- Həmçinin kartdan nağd vəsait çıxardıqda nağdlaşdırma faizi tutularsa, bu zaman siz itkiyə yol vermiş olacaqsınız.
- Növbəti addım olaraq, məbləğin vaxtından əvvəl götürüldüyü təqdirdə depozit faizlərinin hansı hissəsini itirəcəyiniz ilə maraqlana bilərsiniz.