Ard-arda 6 bankın lisenziyasının əlindən alınması, bankların imicinə bir qədər kölgə gətirdi.
Mərkəzi Bankın statistik göstəricilərinə nəzər salanda da məlum olur ki, son aylarda fiziki şəxsələr əmanətləri kütləvi sürətdə banklardan geri çəkir. Lakin həm Mərkəzi Bank həm də, Maliyyə nazirliyi rəsmiləri manat qıtlığının qarşısını almaq üçün insanları vəsaitlərini depozit şəklində banklara qoymağı tövsiyə edir. Halbuki, baş bankın sədri də çıxışı zamanı vurğulayıb ki, yaxın zamanda bir neçə bankın bağlanması da gözləniləndir.
İqtisadçı ekspert, Vüqar Bayramovun "Banco.az" portalına müsahibəsini təqdim edirik.
Siz necə fikirləşirsiniz, belə qeyri-adekvat şəraitdə insanların banklara depozit yerləşdirməsini riskli hesab etmək olarmı?
Əmanət yerləşdirmək istəyən şəxslər diqqətli olmalıdırlar. Hər şeydən öncə bankların internet səhifələrini nəzərdən keçirməlidirlər. Rüblük hesabatları dərc etməyən banklar, əmanətlərin saxlanması baxımından riskli hesab olunur. Həmçinin, vətəndaşlar hesabatları gözdən keçirərkən, bankların zərərinə diqqət yetirməlidirlər. Təbii ki, zərərlə işləyən banklar, etirbarlı sayıla bilməz.
Bütün hallarda etiraf edilməlidir ki, hazırda sektorda risk mövcuddur. Buna görə də, seçim edərkən son dərəcə diqqətli olmaq lazımdır.
Bəzi vətəndaşlar bankları kortəbii qaydada seçirlər. Məsələn: bəziləri qonşusunun seçiminə güvənərək, bankı araşdırmadan gedib həmin banka əmanət yerləşdirir. Digərləri sırf yüksək faiz təklif edən bankları seçir. Üçüncü qrup şəxslər də vardır ki, evinə ən yaxın olan banka müraciət etməyi lazım bilir.
Həmçinin ƏSF-in bundan sonra məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması ilə bağlı təklifi bu mövzuda müsbət dönüşə səbəb ola biləcəkmi? (Qərarın fevralda qəbulu gözlənilir) Bu müddətə qədər daha neçə bankın bağlanması ehtimalı var?
İlin ilk yarısında, sizinlə müsahibəmiz zamanı, vurğulamışdım ki, ilin sonuna kimi, 10 bankın bağlanması ehtimal olunur. Daha bir neçə bankın bağlanması da real görsənir. Güman edirəm ki, yaxın zamanda bankların sayı 35-ə qədər azalacaq. Sektorda stabillik yarandıqdan sonra isə bankların birləşməsi və təmərküzləşməsi baş verəcək. Artıq bundan sonra, bankların vəziyyəti və ölkədəki iqtisadi durumdan asılı olaraq, hesab edirəm ki, 2016-cı ildə sektorda 30-a yaxın bank qalacaq. 2017-ci ildən başlayaraq isə, bankların birləşməsi start götürəcək. 2017-2018-ci illərdə konsolidasiya prosesindən sonra, ölkədəki bankların sayı 20-yə endiriləcək. Bu rəqəm realdır və mümkündür.
Xarici kapitalın, yəni qərbdən, oturuşmuş bankların ölkəyə daxil olmasına icazə verilsə, bu rəqabətli mühit yaradacaq. Liberallaşma, bəzi zəif bankların zərərə düşməsinə və sektoru tərk etməsinə səbəb olacaq.
Bəs bankların üzərinə hansı vəzifələr düşür, müştəri etibarını qaytarmaq baxımından?
Bankların etibarını zədələyən ən böyük amillərdən biri onların maliyyə hesabatlarının dərc edilməməsidir. Banklar öz öhdəliklərinə ciddi yanaşmalıdırlar. Bəzi bankların müştəriləri hətta bankomatlardan öz əmək haqqılarını belə rahatlıqla çıxara bilmirlər. Təbii ki, belə hallar bütövlükdə bank sektoruna olan inama mənfi təsir edir. Bəzi banklar, görünür, onlara olan inamı geri qaytara bilməyəcək.
Əmanət yerləşdirərkən vətəndaşlar ən çox nəyə fikir verməlidirlər? Əmanət yerləşdirərkən hansı valyutaya üstünlük versinlər?
Az öncə vurğuladığım kimi, mütləq bankların internet səhifələri, maliyyə hesabatları nəzərdən keçirilməlidir. Bu mövzuda sorğu aparılmasına ehtiyac var. Insanlar qonşu və yüksək faiz amilinə aldanmamalıdır. Çox istərdim ki, milli valyutaya olan inam qorunub saxlansın. Lakin etiraf etməliyəm ki, hal-hazırda əmanətləri xarici valyutada saxlamaq daha məqsədəuyğundur. Həmçinin, vətədaşlar valyuta diversifikasiyasına da fikir verməlidirlər. Yaxşı olardı ki, əmanətlərin 80%-ni dollar, 20%-ni isə avro kimi saxlasınlar.
Bəzi banklar var ki, onları sistem əhəmiyyətli adlandırmaq olar və adətən dövlət belə bankların bağlanmasına ve iflasına icazə vermir. Sizcə bu banklar Azərbaycanda hansılardır?
Belə banklar çox deyil, və onların adının çəkilməsini düzgün hesab etmirəm. Bankların maliyyə hesabatlarına nəzər salsaq bunu aydın görmək olar. Indi texnologiya, internet əsridir. Insanlar özləri araşdırma etməli, internet forumlarda bu mövzuda gedən müzakirələri izləməli və özləri üçün nəticə çıxarmalıdırlar. Vətəndaşlar özləri də sorğu keçirməlidirlər. Bundan sonra hansı bankların etibarlı olduqlarını müəyyənləşdirmək çətin olmayacaq.