Azərbaycan qızıl ixracını iki dəfə artırıb | Banco.az

Azərbaycan qızıl ixracını iki dəfə artırıb

Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında dünya bazarlarına 1 min 109,4 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $34 milyon 381,56 min (artım 25,9%) təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan $356,66 min dəyərində (azalma 1,7%) 541,77 kq gümüş (azalma 14,2%) ixrac edilib.

İxracın bütün həcmi İsveçrənin payına düşüb.

2020-ci ildə Azərbaycan $205 milyon 577,52 min dəyərində 4 min 435,97 kq qızıl ixrac edib.

Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et