"Azərbaycan Avropa İttifaqı üçün yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir” | Banco.az

"Azərbaycan Avropa İttifaqı üçün yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yanvarda Azərbaycan Avropaya 1,1 milyard kubmetr təbii qaz ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin yanvar ayı ilə müqayisədə Avropaya qaz satışı 0,1 milyard kubmetr və ya 10 % artıb. Ümumilikdə isə ötən ay Azərbaycandan xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 4,5 % çoxdur.

Bu barədə danışan iqtisadçı,millət vəkili Vüqar Bayramov bildirib ki, Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 2 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir:

“Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir”.

Azərbaycan ilə ABŞ arasındakı iqtisadi əlaqələr barədə fikir bildirən millət vəkili qeyd edib ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 59,0% artaraq 904 milyon dollara çatıb. Bu il dövriyyənin daha da artırılması üçün yeni imkanlar yaranmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et