Sentyabrın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
AİF-ə istinadən xəbər verilir ki, istiqrazlar 1 000 manat qiymətlə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in istiqrazlarının baza emissiya prospektini avqustun 16-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, ilik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək.
Mənbə: Report.az