2024-cü illə bağlı ilkin iqtisadi gözləntilər hansılardır? | Banco.az

2024-cü illə bağlı ilkin iqtisadi gözləntilər hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maliyyə Nazirliyi ötən günlərdə "Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" sənədini ictimaiyyətə təqdim edib. 

İqtisadçı-ekspert Eldəniz Əmirov həmin sənədə əsasən, 2024-cü il üçün ilkin iqtisadi gözləntiləri açıqlayıb.

Banco.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, gələn il neft 60 dollardan götürüləcək, bir sıra vergi güzəşləri ediləcək, siqaret və alkoqollu içkilərin qiyməti artacaq, büdcənin gəlir və xərcləri azalacaq, ən çox pul iqtisadi fəaliyyətə, daha sonra müdafiə və milli təhlükəsizliyə ayrılacaq:

"2024-cü il üzrə gəlirlər üzrə siyasətin bəyan edilən 6 əsas istiqamətini təhlil edəndə aydın olur ki, gələn il vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə və sahibkarlara subyektlərinə vergi güzəştlərinin olunması, eyni zamanda bəzi istiqamətlər üzrə vergitutmanın genişləndirilməsi, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, ölkəyə gələn bəzi malların gömrük rüsumlarının azaldılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin edilməsi gözlənilir".

"2024-cü ilin xərclər üzrə siyasətində isə 4 priorotet istiqaməti sadələşdirərək deyə bilərik ki, bunlar ölkənin sosial-iqtisadi həyatı, ölkənin hərbi və milli təhlükəsizliyi, Naxçıvanın inteqrasiyası (inkişafı) və işğaldan azad edilmiş ərazilərimiz üzrə fəaliyyət olacaqdır. 2024-cü ildə dövlət büdcəsinin həm gəlirinin, həm də xərcinin azalması proqnoz edilir. Belə ki, gəlirin 33 milyard 765 milyard manat olması proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz azdır. Xərclər də 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalaraq 36 milyard 355 milyon manat proqnozlaşdırılır", - iqtisadçı vurğulayıb.

Ekspert qeyd edib ki, xərcin gəlirdən daha çox azaldıldığı üçün gələn il büdcə kəsirinin də 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz azalaraq  2 milyard 590 milyon manat olması gözlənilir: 

"Gələn il neftin satış qiyməti 60 dollar götürüləcəkdir ki, nəticə də daxil olan pulun 49,6 faizi (16 milyard 756 milyon manat) neft sektorunun, 50,4 faizi (17 milyard 9 milyon manat) qeyri-neft-qaz sektorunun payına düşəcək. Halbuki, bu il neft sektorundan daxil olan pul 52.3 faiz olmaqla, qeyri-neft-qaz sektorundan daxil olan 47,7 faizlik payı üstələyirdi.

Neft fondundan gələn il büdcəyə tranfert həcmi 12 milyard 781 milyon manat planlanır ki, bu da az məbləğ deyil, 2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini təşkil edəcək.

2024-cü ildə qeyri-neft-qaz sektoru üzrə büdcə gəlirlərinin 58,1 faizi vergi, 34,7 faizi gömrük orqanlarının xətti ilə daxil olacaq".

E. Əmirov adətən insanları daha çox maraqlandıran sual olan "pullar hara xərclənəcək" sualının cavabına gəldikdə isə vurğulayıb ki, ən çox pul iqtisadi fəaliyyət üzrə, ən az pul isə mənzil və kommunal təsərrüfatı üzrə xərclənməsi nəzərdə tutulur:

"Belə ki, birinciyə 7 milyard  380 milyon manat, ikinciyə isə 364 milyon manat xərclənməsi proqnoz edilir. Daha sonrakı ikinci yeri 6,42 milyard manatla müdafiə və milli təhlükəsizlik, üçüncü yeri 4,81 manatla ümumi dövlət xidmətləri, dördüncü və beşinci yerləri isə uyğun olaraq 45,49 milyarda manatla təhsil, 45,42 milyard manatla sosial müdafiə və sosial təminat tutur.

Xüsusilə qeyd etmək istərdim ki, ilin sonunda büdcənin Milli Məclisdə qəbulu zamanı və eləcə də 2024-cü ilin ortalarında büdcəyə yenidən baxılması zamanı bu ilkin proqnozların hələ bir neçə dəfə dəyişməsi mümkündür. Hətta baxmayaraq ki, hazırkı proqnozla büdcə gəlir və xərclərində artımlar qeyd edilmir, böyük ehtimalla yay düzəlişlərindən sonra 2024-cü ilin sonuna həm gəlir, həm xərc hissə bu illə müqayisədə artımla icra ediləcəkdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram