2014-cü il bank sektoru üçün heç də ürəkaçan olmadı. Amma ekspertləri bu ilin daha çətin keçəcəyini proqnozlaşdırır. Xüsusəndə neftin ucuzlaşması fonunda.
Arayışsız kreditlərin ləğvi
2014-cü il başlayar başlamaz, bank sektoruna ciddi hay-küy salan əsas hadisə arayışsız kreditlərin ləğv edilməsi idi. Banklardan çox asan şəkildə kredit almağa öyrəşmiş əhali üçün bu çox ciddi çətinlik yaratdı. Elə banklar da az itki vermiş olmasalar belə, əldə etməyi düşündükləri gəlirlərin bir hissəsindən məhrum oldular. Qərar, xüsusilə də, aqressiv kredit siyasəti yeridən banklara ciddi təsir etdi.
“Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir” - Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli məsələyə münasibəti isə belə idi.
Avtomobil kreditlərinə qadağa
2014-cü ilə qədər belə bir məsəl vardi ki, kim maşın sürə bilirsə, avtomobil krediti də ala bilər. Ölkədə alınan avtomobillərin böyük əksəriyyəti məhz kreditlə alınırdı. Müğənnisindən tutmuş sürücüsə qədər, hamının, bu ölkənin demək olar ki, bir çox sakinlərinin adına rəsmiləşdirilmiş avtomobil krediti mövcud idi. Həmçinin ölkədə kreditdə olan avtomobillərin satılması halı da geniş vüsət almışdı.
Lakin 2014-cü ilin əvvəlindən ən ciddi məhdudiyyətlər məhz bu sahəyə tətbiq edildi. Avtomobil kreditlərinin verilməsi bir müddət tamamı ilə dayandırıldı. Daha sonra isə banklar yeni və sərtləşdirilmiş tələblərlə kredit verməyə başladılar. Beləliklə, avtomobilə görə ilkin ödənişin məbləği 50-70%-ə qalxdı.
Avtomobil kreditlləşməsi üzrə ixtisaslaşmış banklar üçün bu demək olar ki, satışların 6-7 dəfə aşağı düşməsi demək idi.
Lakin bir müddət sonra əhali yeni və daha sərt tələblərə də öyrəşmiş oldu.
Qeyd edək ki, bu qadağa bank sektoru ilə yanaşı sığorta bazarına da ciddi təsir göstərdi və bank tərəfindən stimullaşdırılan könüllü sığortaların həcmində ciddi enişlər qeydə alındı.
Qorunan əmanətlərin faizləri endirildi
2014 cü il may ayının 19-dan etibarən Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirildi. Bu isə bazarda tədricən də olsa, depozit faizlərinin aşağı düşməsinə gətirib çıxaran bir addım idi. Lakin nəticə olaraq faiz dərəcələrinin enməsindən daha çox qorunmayan əmanətlərinin məbləğinin artmasına gətirib çıxartdı.
Qeyd edək ki, 2014-cü ilin 9 ayının yekunlarına əsasən fiziki şəxslərin cəmi əmanətləri (6 556 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil etmişdir.
Cari ilin 9 ayının yekununda fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat, qorunmayan əmanətlər 3,14 milyard manat, qorunan əmanətlər 3,42 milyard manat, sığortalanan əmanətlər isə 1799 milyon manat təşkil etmişdir.
Qorunan əmanətlərin 63%-i manatın, 33%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.
Prezidentdən bankalara ciddi irad
`Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırmalıdır. Bizdə isə belə deyil. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün`.
Bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib.
Banklarımız Prezindentin narazılığına tuş gəldi
“İstehlak kreditləri ilə balı Yeni Qadağa”
2014-cü ilin avqust ayında isə banklar ilə bağlı gündəmdə olan əsas məsələ istehlak kreditlərinin reklamının qadağan edilməsi idi. Mətbuatda yer alan məlumata görə, bununla bağlı banklara şifahi göstəriş verilmişdi. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kreditlərin televiziyada, qəzet-jurnallarda və internetdə yayılan reklamından gedir.
Bu xəbər tam təsdiqini tapmasa da bank sektorunda onun təzahürlərini hiss etməmək mümkünsüzdür. Məhz bundan sonra aparıcı riteyl banklardan bir neçəsi öz portfellərindəki biznes kreditllərinə yenidən nəzər salmalı oldu və reklam büdcələrini yenidən strukturlaşdırdı.
Bununla yanaşı bankların imic reklamlarına müraciət etməsi üçün zəmin yarandı.
Hazırda banklar taksit kartları ilə yanaşı, biznes kreditlərinin maliyyələşməsini də ciddi şəkildə önə çəkməyə çalışırlar.
Dividendlərə tətbiq ediləcək 10% vergi
Bütün bunlarla yanaşı il ərzində bankların öz məcmu kapitalını artıra bilməsi məsələsi gündəmdə qaldı.
Lakin ilin sonuna və eləcə də 2015-ci ilə öz damğasını vura biləcək hadisə, fiziki şəxslərin əmanət gəlirlərinin, yəni divindentlərin vergiyə cəlb olunmasıdır.
Azərbaycanın Vergi məcəlləsinə düzəlişlərə əsasən bir bankda əmanət üzrə alınan faiz gəlirlərinin ildə 500 manata qədər bir hissəsi gəlir vergisindən azad edilib. Vergi dərəcəsi bu gəlirlər üzrə 10 faiz təşkil edir.
Azərbaycanda banklarda və digər kredit təşkilatlarında əhalinin əmanətləri üzrə vətəndaşın əldə etdiyi gəlirlər üzrə gəlir vergisinin tutulmasına qoyulan və 1999-ci ildən fəaliyyət göstərən moratorium 2014-ci ilin sonunda bitib.
Ən vacib məqam odur ki, yeni vergitutma mexanizmi tək 2015-ci ildən bağlanan depozit müqavilələrinə yox, artıq fəaliyyət göstərən müqavilələrə də həmçinin şamil olunacaq. Nəzərə alsaq ki, vergi güzəştlərinin fəaliyyəti 2014-ci ilin sonunadək idi, ötən ilin yekunlarına görə alınmış əmanətlər üzrə gəlirlər vergidən tam azad olunurlar.
Beləliklə, əgər vətəndaşın bir bankda beş min manata qədər əmanəti varsa, o, (əmanətlər üzrə orta faiz dərəcəsini nəzərə alaraq ona qədər faiz səviyyəsində) ildə 500 manata qədər faiz gəlirləri alacaq və müvafiq olaraq vergidən azad olunacaq. Lakin əgər əmanətin məbləği beş min manatdan artıqdırsa, vergidən azad edilməsi üçün vətəndaş əmanətlər üzrə öz vəsaitlərini bir neçə bank arasında bölüşdürməlidir.
Güzəştlərin verilməsi mexanizmi belə olan halda Azərbaycanın dövlət büdcəsinə ildə əlavə təxminən beş-altı milyon manat daxil olması gözlənilir.
2014-cu ilin yanvar-noyabr aylarında əhalinin banklardakı əmanətləri üzrə dividendləri 450 milyon manat təşkil edib. Azərbaycanda min nəfərə 473 əmanətçi düşür. Adambaşına düşən əmanətin məbləği 745 manatdır, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb.
Lakin bu məsələ ilə bağlı hələ də qeyri-müəyyənlik hökm sürür.