Qeyri-neft sektorunun artımı (10,3%), yüksək neft qiymətləri və enerji sektorunda istehsalın artması şəraitində bu ilin I rübündə Azərbaycanda real ÜDM illik ifadədə 6,8% artıb.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, son 14 il ərzində I rübdə qeydə alınmış ən yüksək illik artım tempidir. Azərbaycan iqtisadiyyatı üçün bundan yaxşı ilin başlanğıcı sonuncu dəfə 2008-ci ildə olub. Həmin ilin I rübündə ÜDM-nin illik artım tempi 13,8% təşkil etmişdi.
2008-2022-ci illər dövründə artım tempinin kəskin yavaşlaması və ya mənfi dinamikanın müşahidə olunduğu illər 2009-cu il (2008-ci ilin qlobal maliyyə böhranından sonra) və 2016-cı il (neftin ucuzlaşması və manatın devalvasiyasından sonra) olub.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. Bu, 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-nin həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.
Proqnozlara gəldikdə, ən nikbin proqnozlar Azərbaycan İqtisadiyyat Nazirliyinə və Asiya İnkişaf Bankına aiddir. Sözügedən qurumların Azərbaycanda real iqtisadi artım üzrə builki proqnozları müvafiq olaraq 3,9%-ə və 3,7%-ə bərabərdir. Dünya Bankının son proqnozuna görə isə artım 2,7% təşkil edəcək.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!