Təhlil edir: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı
Azərbaycan Kredit Bürosu Prezident İlham Əliyev tərəfindən maliyyə xidmətlərinin əlçatanlığının daha da artırılması istiqamətində fiziki və hüquqi şəxslərin maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması, borc münasibətlərində maliyyə nəzarətinin möhkəmləndirilməsi və maliyyə sisteminin sabitliyinin təmin olunması məqsədi ilə yaradılıb. “Kredit büroları haqqında” qanunda kredit bürolarının yaradılması, onların fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılması, bürolar tərəfindən kredit tarixçələrinin hazırlanması və bu kimi digər məsələlərin həyata keçirilməsi prinsipləri nəzərdə tutulur.
Azərbaycanda fəaliyyət göstərən səkkiz bank tərəfindən təsis olunan “Azərbaycan Kredit Bürosu”nun əsas fəaliyyət istiqamətləri kimi kredit tarixçəsi subyektinin kredit tarixçəsindəki informasiyaların, yəni cari və ödənilən borclar, ödəmə qabiliyyəti və borc öhdəliklərinin təminatı, eləcə də icra intizamı haqqında məlumatların toplanması, saxlanılması, təhlil olunması və kredit hesabatlarının aparılması nəzərdə tutulur. Kredit tarixçələrinin formalaşdırılması üçün maliyyə sektorunun iştirakçıları ilə yanaşı nisyə mal alqı-satqısı fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mobil telefon operatorları və kommunal xidmətlər göstərən müəssisələr də kredit bürosuna müvafiq məlumatları təqdim edəcəklər.
Kredit büroları, fəaliyyət prosesi.
Kredit bürosu kredit tarixçələrindən istifadə etməklə kredit hesabatları formalaşdırır. Bu hesabatlar isə öz növbəsində, borc öhdəliyinin yaranması və mövcud öhdəliklərə dəyişikliklər olunması, münasibətlərin tənzimlənməsi zamanı ödəmə qabiliyyətinin və öhdəliklərin icra intizamının dəyərləndirilməsinə imkan yaradır. Nəzərdə tutulan kredit hesabatlarını kredit tarixçəsinin məlumat təchizatçıları, kredit tarixçəsinin subyekti, müəyyən olunan hallarda və qaydada müvafiq hüquq-mühafizə qurumları, nəzarət orqanı və notariuslar əldə etmək hüququna malikdir.
Belə ki, kredit bürolarının əhəmiyyətinə nəzər saldıqda üç mühüm amil qeyd olunmalıdır:
- Kredit əlçatanlığının yaxşılaşdırılması;
- məsuliyyətli kreditləşdirmə sisteminin formalaşdırılması və kredit itkilərinin azaldılması;
- sistematik riskin idarə olunmasında bank nəzarəti mexanizminin gücləndirilməsi.
Kreditə əlçatanlığın yaxşılaşdırılması
İlk növbədə, kredit büroları kreditorlar üçün asimmetrik informasiyanın azaldılması və aradan qaldırılması, bununla da kredit alınma imkanları və prosesinin daha da asandlaşdırılmasına töhfə verir. Həmçinin, kiçik və orta sahibkarlıq (KOS) subyektləri barədə lazimi məlumat bazasının formalaşdırılması ilə bu sahəyə maliyyə vəsaitinin ayrılması riskinin və müvafiq olaraq kredit faiz dərəcəsinin azalması hesabına KOS-ların fəaliyyəti üçün mövcud məhdudiyyətlərin aradan qaldırılması təmin edilir. Nəticə etibarı ilə, ÜDM-ə nisbətdə kreditlərin səviyyəsinin artımı gözlənilə bilər.
Məsuliyyətli kreditləşdirmə sisteminin formalaşdırılması və kredit itkilərinin azaldılması
Lazimi məlumatların mövcudluğu sağlam və səmərəli kreditləşmənin həyata keçirilməsini təmin edir. Başqa sözlə, kreditorlar tərəfindən potensial borcalanların sayı artırıla, ödəmə qabiliyyəti aşağı olan və ya olmayan müştərilərə kredit verilməsi dayandırıla, eyni zamanda ödəmə qabiliyyəti yuxarı olan borcalanlar üçün isə daha əlverişli kredit faiz dərəcələri təklif oluna bilər. Bu bürolar müştərilərin (borcalanların) öz öhdəliklərini ödəniş qrafikə uyğun olaraq icra etmələrinə təkan verməklə yanaşı, qeyri-fəal və problemli kreditlərin, bankların borc dərəcəsinin (bankların xərclərinin), defolt nisbətinin azaldılmasını da təmin edir.
Sistematik riskin idarə olunmasında bank nəzarəti mexanizminin gücləndirilməsi
Kredit büroları maliyyə nəzarəti funksiyasını həyata keçirən qurum üçün sistematik risklərin müəyyənləşdirilməsi, təhlili və qarşısının alınması üçün lazimi məlumat bazasını formalaşdırır. Qeyd olunan məlumatlar bazası vasitəsi ilə, nəzarət olunan maliyyə təşkilatları üçün müvafiq kapital və ehtiyyat tələblərinin müəyyənləşdirilməsi, maliyyə institutlarının kreditləşdirmə fəaliyyətində kredit hesabatlarından istifadə dərəcəsinin yoxlanılması, konsentrasiya riskinə nəzarətin təmin olunması, müvafiq sahə üzrə kredit riskinin dəyərləndirilməsi, istehlak krediti ilə bağlı yarana biləcək böhranın əsas təkanverici amili olan istehlak krediti səviyyəsinin yoxlanılması kimi nəzarətedici funksiyaların tətbiqi təmin edilə bilər.
Beləliklə, kredit bürolarının yaradılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il 6 Dekabr tarixli 1138 nömrəli qəbul olunmuş Fərmanına əsasən “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” tədbirlər planında nəzərdə tutulan “Azərbaycan Respublikasında Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” qeyd olunan prioritetlərin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.