Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə 12 noyabr 2007-ci il tarixli fərmanı əsasında yaradılmışdır.
Mərkəzin yaranmasının zərurəti Azərbaycan Respublikasının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyasına, qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasına, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlib. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutaraq, daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini analiz edir, dünyada cərəyan edən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləyir, təhlil edir, gələcək inkişaf meyllərinə dair proqnozlar verir, ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparır, bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun və bu tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır.
Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.
Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:
- Beynəlxalq münasibətlərin strateji aspektlərini araşdırmaq, Azərbaycan Respublikasının strateji maraqlarının, daxili və xarici siyasətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;
- Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq xarici dövlətlərlə münasibətlərin inkişafı sahəsində yeni yanaşmaların axtarışını həyata keçirmək;
- Müasir dövrün qlobal çağırışlarına uyğun olaraq ölkənin inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, enerji təhlükəsizliyi, terrorizm, beynəlxalq maliyyə və iqtisadi sistemlər, demoqrafiya, səhiyyə və s. sahələrdə) həyata keçirmək;
- Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşmasını, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasını təşkil etmək;
- Mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, qonşu dövlətlərdəki dəyişiklikləri proqnozlaşdırmaq;
- Regional problemləri araşdırmaq, sərhədyanı dövlətlərlə ikitərəfli münasibətlərin vəziyyətinə dair tədqiqatlar aparmaq;
- Azərbaycan cəmiyyətinin müasir vəziyyətini, onun sosial strukturunu, demokratik təsisatlarını və vətəndaş cəmiyyətinin təşəkkülünü, siyasi elitanın formalaşması və yeniləşməsi proseslərini öyrənmək və təhlil etmək;
- Hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf tendensiyasını təhlil etmək;
- Cəmiyyətin sosial-iqtisadi inkişafının proqnozlarını hazırlamaq;
- Ölkənin daxili və xarici siyasətinə dair məsələlər barədə əhali arasında sosioloji sorğular aparmaqla elmi əsaslandırılmış qaydada əhalinin müxtəlif təbəqələrinin fikirlərini öyrənmək;
- Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının müvafiq strukturuna davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini təqdim etmək;
- Ölkənin müxtəlif problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin mümkün siyasi, hüquqi, iqtisadi və digər aspektlərinin elmi ekspertizasını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq;
- Ölkə daxilində və xaricində dinlərarası münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;
- Etnosiyasi inkişaf problemlərini, ölkə daxilində tolerantlıq mühitini, xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və onların həlli yolları barədə təkliflər hazırlamaq;
- Ölkənin daxili və xarici siyasətində atılan addımların genişmiqyaslı şərhini vermək, Azərbaycan Respublikasının müxtəlif sahələrdə nailiyyətlərinin təbliğini təşkil etmək və həyata keçirmək, normativ-hüquqi aktların elmi kommentariyalarını hazırlamaq;
- Gənclərin elmi və innovasiya fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər təşkil etmək;
- Qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
SAM-ın tədqiqat fəaliyyəti bir neçə vacib istiqamətlərdə formalaşır. Bunlar – dünyada cərəyan edən geosiyasi prosesləri və dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, dünyada, eləcə də regionda gedən proseslərə təsir göstərə bilən faktorların tədqiqi əsasında müxtəlif proqramlar (milli və lobbiçilik proqramları), konsepsiyalar, ssenarilər və digər analitik xarakterli sənədlər hazırlamaqdan ibarətdir.
SAM eyni zamanda, hakimiyyət orqanları və institutlarında fəaliyyət göstərən analitik struktur bölmələrinin işinin koordinasiyası ilə məşğul olur. Mərkəz onların fəaliyyətinə dəstək olaraq, elmi və analitik materiallar verməli və onlardan lazımi informasiyaları almalıdır. Lazımi məlumatlar əldə etmək məqsədilə Mərkəz tərəfindən dövlət orqanlarına sorğular göndərilir və əldə edilən materiallar əsasında müvafiq sənədlər hazırlanır.
Fuad VAHABZADƏ
Mənbə | SAM.az