Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) il sonu üçün inflyasiya proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan ilin son inflyasiya hesabatını açıqlamaq üçün kameraların qarşısına keçib.
Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) qarşıdakı üç ilin sonu üçün inflyasiya aralıq hədəflərini dəyişməyib, lakin 2025-ci il sonu üçün proqnoz aralığını yuxarı qaldırıb.
İlin son inflyasiya hesabatının təqdimatını İstanbulda keçirən TCMB sədri Fatih Karahan bildirib ki, inflyasiya üzrə aralıq hədəfləri 2025-ci il üçün 24 faiz, 2026-cı il üçün 16 faiz, 2027-ci il üçün isə 9 faiz səviyyəsində saxlayıblar.
Karahan açıqlayıb ki, 70 faiz ehtimalla inflyasiyanın 2025-ci ilin sonunda 31–33 faiz aralığında olacağını gözləyirlər. 14 avqustda təqdim edilən əvvəlki hesabatda isə 2025-ci il sonu üçün proqnoz aralığı 25–29 faiz olaraq göstərilmişdi.
İlin sonu üçün inflyasiya proqnozu 32 faiz səviyyəsində müəyyənləşib.
TCMB-nin 2026-cı il sonu üçün proqnoz aralığı isə əvvəlki hesabatda olduğu kimi 13–19 faiz səviyyəsində müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
