Sığorta şirkəti ilə müqavilə imzalamazdan əvvəl siz seçim qarşısında qala bilərsiniz. Ya bir neçə sığorta şirkətini təmsil edən müstəqil sığorta agenti ilə, ya da yalnız bir şirkət üçün işləyən “əsir” (captive) agentlə məsləhətləşə bilərsiniz. Sığorta agenti müəyyən xidmət haqqı müqabilində sığorta polislərinin satışı ilə məşğul olur. Agentlər müştəridən sığorta haqqını qəbul edir, sığorta şirkətinin adından müştəri ilə sığorta müqaviləsi bağlayır. Amma sığorta hadisəsi zamanı sığorta ödənişinin verilməsində iştirak etmir - müştəri sığorta ödənişini sığorta şirkətindən alır.
Sığorta brokerləri – sığorta müqavilələrinin bağlanması və sığorta tələbləri barədə məsləhətlər verən şəxsdir. Sığorta agentlərindən fərqli olaraq, brokerlər yalnız və yalnız müştərinin unikal ehtiyacları üçün çalışırlar. Onlar şirkət təmsilçiləri deyillər. Broker sizə ehtiyaclarınızı qarşılayabiləcək ən əlverişli şərtlər və qiymətlər təklif edən şirkəti seçməkdə kömək edir. Borkerlər müxtəif sığorta şirkətləri ilə işlədiyindən, onlar kompaniyaların təklifləri və üstünlükləri barədə daha məlumatlı olurlar.
Sığorta brokerlərini sığorta agentlərindən fərqləndirən əsas üstünlüklər:
- Brokerlər sizə seçim etmək üçün çoxsaylı məhsullar təklif edə bilər. Lakin agentlərin məhsul təklifi məhdud olaraq qalır. Onlar yalnız öz şirkətlərində mövcud olan məhsulu təqdim etmək imkanına malikdirlər.
- Brokerlər sizin məşğul olduğunuz biznes sahəsini və konkret hansı məhsula olan ehtiyacınızı araşdırır. Və sizə uyğun olan məhsulu seçir. Lakin agentlərin belə bir öhdəçiliyi olmur, onlar uyğun məhsulları təqdim etməklə kifayətlənir, seçimi isə müştərinin ixtiyarına buraxırlar.
- Brokerlər öz müştərilərinin yaxşılığını ürəkdən istəyirlər. Çünki məhz öz reputasiyalarını müştəri məmnunluğu sayəsində qazanırlar. Təsadüfi deyil ki, Avstraliyada sığortaçıların 80%-nin maraqlarını məhz brokerlər qoruyur.
“Əsir” agentlər yalnız bir sığorta daşıyıcısını təmsil edir. Belə agentlərin müsbət cəhəti odur ki, onlar təmsil etdikləri şirkətin məhsul və qiymətləri barədə müfəssəl biliklərə malik olurlar və müştərini maraqlandıran hər bir suala asanlıqla cavab tapırlar. Lakin çatışmazlıq da diqqətdən yayınmamalıdır. Belə mütəxəssislər şirkət xarici məhsul və qiymətlər barəsində müştəri mənnunluğunu təmin edə bilmirlər.