“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyaları qurulmalıdır” | Banco.az

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyaları qurulmalıdır”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə su elektrik stansiyaları qurulmalıdır”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Akif Nəsirli deyib. Ekspert qeyd edib ki, bölgədə çoxlu dağ çayları mövcud olması, bu çaylar boyunca su elektrik stansiyaları, o cümlədən mini stansiyalar qurmaq imkanını genişləndirir. Ekspert hesab edir ki,  hətta vətəndaşların şəxsi təşəbbüsləri ilə belə mini su elektrik stansiyaları istifadəyə verilə bilər:

“Yaşıl enerji istehsalının əsas konsepsiyasına görə onun tətbiqində ərazi məhdudiyyəti yoxdur – hər bir ərazinin yaşıl enerji potensialı mövcuddur. Lakin bu potensialın xarakteri ərazidən asılı olaraq fərqli ola bilər. Məsələn, Bakıda güclü küləklər əsdiyi üçün burada külək enerjisindən istifadə etmək məqsədəuyğundur. Yayda günəşli günlərin çox olması isə günəş enerjisi üçün əlverişli şərait yaradır. Eyni zamanda, Xəzər dənizi Bakının yaxınlığında yerləşir və onun dalğalarından enerji əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, Avropada, xüsusən də İsveçrədə dağlıq ərazilərdə çayların axarından istifadə edərək evlərin enerji tələbatını ödəmək üçün kiçik su elektrik stansiyaları qurulur. Azərbaycanda da bu cür təşəbbüslər təşviq edilməlidir”.

Akif Nəsirli qeyd edib ki,  burada yalnız hökumət tərəfindən büdcə vəsaiti hesabına elektrik stansiyaları qurulması deyil, həm də vətəndaşların fərdi təşəbbüslərinin irəli sürməsi vacibdir:

“Məsələn, 100 min insan öz təşəbbüsü ilə günəş panelləri, mini su və külək elektrik stansiyaları və ya hətta dalğa enerjisindən istifadə edən stansiyalar qura bilər. Beləliklə, hər kəs öz enerji tələbatını fərdi qaydada qarşılaya bilər. Bu istiqamətdə təbliğat və maarifləndirmə aparılması olduqca vacibdir. Eyni zamanda, ölkəyə günəş panelləri, su elektrik stansiyaları üçün generatorlar və digər müvafiq avadanlıqlar gətirilməli və satışa çıxarılmalıdır ki, vətəndaşlar bu texnologiyalara asanlıqla çıxış əldə edə bilsinlər. Əgər bu addımlar atılarsa, ölkədə mərkəzləşmiş elektrik enerjisinə olan tələbat xeyli azalacaq və yaşıl, alternativ enerji mənbələrindən istifadə genişlənəcək”.